Bakıda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb Hadisə

Bakıda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb

Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb.
Bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.
O bildirib ki, hazırda Bakı Beynəlxalq Avtovağzalı Kompleksindən sərnişindaşıma yalnız Sumqayıt və Abşeron istiqamətində həyata keçirilir. Əvvəllər bu istiqamətdə gün ərzində 3 min nəfər daşınırdısa indi bu rəqəm 300 sərnişin olub. Bütün avtovağzallar və nəqliyyat vasitələrində mütəmadi dezinfeksiya işləri aparılır.
Qeyd edək ki, martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.
İclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.
Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xətlərə zəng etmək ciddi tövsiyə olunub.