“Azəriqaz” çaylarda işləyən daş karxanalarının sahiblərinə müraciət edib Hadisə

“Azəriqaz” çaylarda işləyən daş karxanalarının sahiblərinə müraciət edib

“Azəriqaz” İstehsalat Birliyi ölkəmizin təbii qaz kəmərləri keçən çaylarında işləyən daş karxanalarının sahiblərinə müraciət edib.
Birlikdən bildirilib ki, respublikanın bir neçə rayonunun ərazisindən keçən çaylarda daş karxanalarının genişlənən fəaliyyəti sel suları gələrkən həmin çaylardan keçən qaz xətlərinə də zərər yetirir. Belə ki, çayın divarları, məcrası yuyulduqca qaz kəmərlərini saxlayan dirəklər çılpaqlaşır, dayanıqlılığını itirir və demək olar ki, üzdə qalır. Nəticədə, güclü sel suları qarşısında tab gətirməyərək dirəklər aşır, qaz kəmərləri yararsız hala düşür. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi belə yerlərdə bərpa işlərinə başlayıb. Bu günlərdə Quba rayonunda Nügədi kəndi yaxınlığında, Qudyalçayın üzərindəki 273 millimetr diametrində sel sularının yuyaraq zədələdiyi qaz xəttinin çay keçidi əvvəlki formasına qaytarılıb. Bundan başqa, Zərdab rayonu ərazisində, Qarasu çayı üzərindən keçən 273 millimetr diametrində qaz xəttinin çay keçidinin yenilənməsi də planlaşdırılır.
Qeyd edək ki, 2019-cu ildə də bu səpkili işlər aparılıb. Masallı rayonunun Boladi çayı üzərindən keçən 219 millimetr diametrində qaz xəttinin çay keçidi təmir edilib.
“Azəriqaz” İstehsalat Birliyi ölkəmizin qaz kəmərləri keçən çaylarında işləyən daş karxanalarının sahiblərindən xahiş edir ki, diqqətli olsunlar, qaz kəmərləri üçün təhlükəli qəza şəraitinin yaranmasına yol verməsinlər.