NATO Rusiyanı məngənəyə salacaq? Hadisə

NATO Rusiyanı məngənəyə salacaq?

Qabil Hüseynli: "Alyansın hazırladığı proqram əhalinin Putin rejiminə qarşı mübarizə aparması kimi böyük məsələni də özündə ehtiva edir"

"NATO Ukraynanın xilası üçün demək olar ki, nə lazımdırsa onu da edib. Rusiya üçün öldürücü sanksiyalar tətbiq edilib". Bunu AZADİNFORM-a açıqlamasında NATO-nun ötən həftə keçirilən Uels sammitini şərh edən politoloq Qabil Hüseynli deyib.
O, həmçinin qeyd edib ki, alyans Ukrayna ordusunun yenidən qurulması və təlimlərin keçirilməsi üçün lazımi şərtləri öz üzərinə götürüb: "Yeni silahlar veriləcək, xüsusi mütəxəssislər Ukrayna ordusunu hazırlayacaq. Bir sözlə, Ukraynada ordu quruculuğu müasir tələblər səviyyəsində olacaq".
Politoloq hesab edir ki, sammitdə Rusiyanı məngənəyə sala biləcək bəyanatlar da verilib: "Uels sammiti Rusiyanın özü ilə də bağlı bəyanatlar verdi. O qərarların mahiyyəti ondan ibarətdir ki, Rusiyanı müəyyən məngənəyə sala biləcək proqram hazırlandı. Bu əhalinin Putin rejiminə qarşı mübarizə aparması kimi böyük məsələni özündə ehtiva edir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Uels sammitində NATO Ukraynanın gələcək ərazi bütövlüyünü təmin etmək üçün mühüm qərarlar qəbul edib".
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, NATO-ya daxil olan bəzi ölkələr Ukraynanı yüksək dəqiqliyə malik öldürücü silahla təchiz etməyə razılıq verib.