Elxan Süleymanov təhsil işçiləri ilə görüşüb Hadisə

Elxan Süleymanov təhsil işçiləri ilə görüşüb

Sentyabrın 10-da Şamaxının millət vəkili Elxan Süleymanovun tədris ilinin başlanması ərəfəsində rayon təhsil işçiləri və ali məktəblərə daxil olmuş məzunlarla görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri, fəlsəfə doktoru Eyvaz Eminalıyev görüşün maziyyəti barəsində tədbir iştirakçılarına məlumat verib.
Sonra Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova görüş iştirakçılarını salamlayaraq millət vəkilinin təşəbbüsü ilə keçirilən bu tədbirin əhəmiyyətini vurğulayıb.
Şamaxının millət vəkili Elxan Süleymanov rayon təhsilinin ənənələrindən danışdı, müəllimin missiyasının nə qədər böyük əhəmiyyət kəsb etməsini vurğulayıb. Millət vəkili çıxışında böyük ədiblərin yetişməsində müstəsna rol oynamış Şamaxı müəllimlərinin fəaliyyətinə yüksək qiymət verib. Elxan Süleymanovun sözlərinə görə tezliklə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, Şamaxının millət vəkilinin qərargahı və 1905.az portalının təşkilatçılığı ilə rayonda "Şamaxı soyqırımı" mövzusunda məktəblilər arasında inşa müsabiqəsinə start veriləcək. Müsabiqə qaliblərinin inşaları əsasında "1905.az studiyası" tərəfindən mini filmlər çəkiləcək.
Sonra Elxan Süleymanov cari ildə yüksək ballar toplayaraq ali məktəblərə qəbul olunmuş şamaxılı məzunlara təsis etdyi təqaüdləri, eləcə də hədiyyələri təqdim edib.
Millət vəkilinin təsis etdiyi fərdi təqaüdlərə layiq görülmüş tələbələr - Aytac İsmayılova, İlqar Eyyubov, millət vəkili tərəfindən övladının təhsil haqqı ödənilmiş Cəlal İsgəndərov, qocaman müəllim Ədalət Məmmədov millət vəkilinə minnətdarlıqlarını bildiriblər. Gənc müəllimə Röya Qurbanova və 48 il müəllimlik stajı olan Süleyman Zərbalıyev bu görüşün əhəmiyyətindən, o cümlədən qarşıdakı təhsil ilinin əsas vəzifələrindən danışıblar.
Filologiya elmləri doktoru, professor Nadir Abdullayev Şamaxı ədəbiyyatı ilə bağlı danışaraq dörd ildən bəri ardıcıl olaraq Şamaxıda millət vəkilinin təşəbbüsü ilə keçirilən Sabir yaradıcılığına həsr olunan Bədii Qiraət günlərinin həm böyük şairin gənc nəslə tanıdılması, həm də ədəbiyyat dərslərinin məzmununun zənginləşdirilməsi baxımından vacibliyini qeyd edib.
Sabir qiraət müsabiqəsinin qalibləri olan Ələkbər, Sənubər və İlahə böyük şairin şeirlərini söyləyiblər.
Tədbirə yekun vuran millət vəkili Elxan Süleymanov rayon rəhbərliyinə, rayon müəllimlərinə təşəkkürünü bildirib.
Tədbirdən sonra "1905.az" səyyar qalereyasının təqdim etdiyi "Məktəb zəngi" adlı sərginin açılışı olub. Ekspozisiyada Mirnaib Həsənoblunun, İlqar Cəfərovun, Elnur Babayevin illər öncə lentə aldıqları fotolarla yanaşı, AzərTac-ın fotoları da nümayiş etdirilib. Bu fotolarda Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycanda, məktəb yaşlı məcburi köçkünlərin vaxtilə hansı dözülməz şəraitdə təhsil almaları, həmçinin müasir Azərbaycanda məcburi köçkünlər üçün inşa edilmiş müasir məktəblərin imkanları əks olunub.
Qeyd edək ki, Şamaxı rayonunda artıq ikinci ekspozisiyası təqdim edən 1905.az portalı ermənilərin Azərbaycana gəlişi, onların azərbaycanlılara qarşı törətdikləri soyqırımları, deportasiyalar, Ermənistanın Azərbaycana təcavüzü haqqında internet-resursdur. Portalda mövzuya uyğun kitablar, məqalələr, müsahibələr, şahidlərin ifadələri, fotolar və digər materiallar təqdim olunur. 12 dildə (Azərbaycan, ingilis, fransız, ərəb, ispan, rus, Çin, alman, türk, fars, gürcü və erməni dillərində) fəaliyyət göstərən resurs AVCİYA-nın layihəsidir.

XC