İsrafçılığa qanusuz müdaxilə... Hadisə

İsrafçılığa qanusuz müdaxilə...

Əli Məsimli: "Bu məsələ tədricən, izahat və təbliğat yolu ilə qaydasına düşməlidir"
Vüqar Əhməd: "Bu tövsiyyə xarakterli olmalıdır"
Azər Rəşidoğlu: "Heç bir inzibati üsul bu sahədə irəliləyişə apara bilməz"

Son zamanlar Azərbaycanda yas mərasimləri və toylarda olan israfçılığın qarşısının alınması ilə bağlı müəyyən adımmlar atılır. Artıq yas mərasimlərində yemək verilməsi aradan qaldırılıb. Bu isə icra strukturalırın müdaxiləsindən sonra baş verib. Bu cür qadağaların qoyulması isə cəmiyyətdə birmənalı qarşılanmır. Bunu alqışlayan da var, qınayan da.
İcra başçıları yas mərasimlərinə hansı qanunlara əsaslanıb müdaxilə edirlər? Bu sahədəki problemlər qanunlarla aradan qaldırılsa daha yaxşı olmazmı? Yaranmış vəziyyət mənfi prsedentlərə yol aça bilərmi?
Millət vəkili Əli Məsimli bildirdi ki, doğrudan da dini mərasimlərimizdə islam dini ilə heç bir əlaqəsi olmayan dərəcədə israfçılığa yol verilir: "Peyğəmbərimiz həmişə bütün sahələrdə belə israfçılıqların əleyhinə olub. Bu işi qaydaya salmağa böyük ehtiyac var. Amma kobud müdaxilə yolu ilə yox, daha təsirli üsullarla... Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı bu məsələyə münasibətdə çox dəqiq ifadə ilə izah etdi ki, heç kimin dini mərasimlərə kobud müdaxilə etməsinə ixtiyarı yoxdu. Bu məsələ tədricən, izahat və təbliğat yolu ilə qaydasına düşməlidir".
Şair Vüqar Əhməd dedi ki, bu məsələdə ehtiyatlı olmaq lazımdır. Onun fikrincə, bu tövsiyyə xarakterli olmalıdır: "Məcburi olmaz. Bu qərar kasıblar üçün göydəndüşmə oldu. Kasıblar abırlarına qısılıb geri qalmamaq üçün borc-xərc ehsan verirdilər. Bakı kəndləri onsuz da neçə illərdi ehsanı götürüb. Halva, çay verirdilər. Məlumdur ki, Abşeron camaatı kasıb yaşayır. Oradakı məmurların vilları hesabına Abşerona baxan elə bilir ki, insanların maddi durumu yaxşıdır. Azərbaycanın bölgələrinə də hüzr məclislərinə başsağlığı verməyə gedirəm. Yazıq kasıb dolanışıq yeri olan həyətinin heyvanını kəsib ehsan verir. Bu məsələyə icra başçıları nəzarət edə bilər. Amma ölü yiyəsilə mədəni davranmalıdırlar. Çünki ölü sahibi bilmir ki, dərdinə ağlasın, yoxsa kəndxuda ilə çənə-boğaz eləsin. Əslinə vaxtında dini qurumlar bu işlə məşğul olmalı idi. İslami məsələlərdə diqqətli olmaq lazımdır. İnsanların inancına sayqı ilə yanaşmalıyıq. Heç kimin hislərilə oynamaq olmaz. Toylarla bağlı problem də həll olunsaydı, pis olmazdı. İnsan dünyanın əşrəfidir, onun qabağına toyda 32 cür yemək qoyurlar. Vallah heyvana versən ölər. Bir də toylardakı qulaq batıran musiqinin səsini azaldardılar. Xeyirlə şər qardaşdır - deyirlər. Bu məsələlərə də baxmaq lazımdır".
Jurnalist Azər Rəşidoğlu bildirdi ki, maarifçilik işi aparılmalıdır: "İinzibati müdaxilə qanunsuzdur, bunu edən məmur cinayət məsuliyyəti daşıyır".
Onun sözlərinə görə, Azərbaycanda yas və yaxud toy adına keçirilən ifrat israfçılıq tədbirlərinin qarşısının alınması şübhəsiz ki, təqdirəlayiq haldır: "Xüsusən yas mərasimlərində baş verən israfın din adı ilə bir əlaqəsi olmadığı da şəksizdir. Yas mərasimini keçirmək kasıb təbəqə üçün böyük sıxıntılar törədir. İnsanlar yası yola vermək üçün bankdan kredit götürür və bəzən illərlə borcdan yaxa qurtara bilmirlər. Son on illər ərzində adət-ənənəyə çevrilən bu kimi hallara qarşı çıxmaq gərəkli idi. Lakin ilk növbədə maarif işi aparılmalı və imkanlı insanlar, ziyalılar bir nümunə göstərməli idilər. Təcrübə göstərir ki, bu metodun alternativi yoxdur. Heç bir inzibati üsulla yas mərasimlərindəki israfın qarşısını almaq mümkün olmayacaq.
Son günlər Azərbaycanda yas çadırlarına edilən məmur hücumları isə ən ağır fəsadlar törədə bilər. Əzizini itirmiş, bunun şokunda olan insanın ehsan çadırının dağıdılması ən qanlı olaylara da səbəb ola bilər. Bu gün yas mərasimlərinə hakimiyyət orqanlarının etdiyi basqınlar, insanların şəxsi mülkiyyəti hesab edilən yeməklərin zorla əlindən alınması sırf qanun pozuntusu və cinayət əməlidir.
Heç bir qanun yas və yaxud toy mərasimlərinin menyusunu müəyyən edilə bilməz... Ölkəmizdə yas və toy mərasimlərini müəyyən edən oeç bir qanun da oələ ki mövcud deyil. Odur ki, məmurların yas çadırlarına sözün əsl mənasında basqın edib, yeməkləri müsadirə etməsi "vəzifəli şəxsin xidməti səlahiyyətlərini aşması, bunun nəticəsində fiziki və hüquqi şəxslərin mənafeyinə vurulan zərər" kimi dəyərləndirilə bilər. Yas mərasimlərinə məmurların müdaxiləsi isə konkret cinayət əməlidir və bunu edən məmur 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər. Yeganə çıxış yolu maarifçiliyə qalır. Azərbaycan telekanallarında dini maarifləndirmə ilə bağlı demək olar heç bir veriliş yoxdur. Yas və toylarda israfın qarşısını isə maarifçilik olmadan almaq mümkün olmayacaq. Dövlət vətəndaşların geyiminə, gülməyinə, ağlamağına müdaxilə edə bilməz. Hətta amansız Sovet rejimi dövründə də yas mərasimlərinin qarşısı inzibati üsullarla alına bilmədi. Elə bu amil onu deməyə əsas verir ki, heç bir inzibati üsul bu sahədə irəliləyişə apara bilməz. Baş verənləri islahat kimi dəyərləndirmək də mümkün deyil. Dində islahatı din alimləri və görkəmli ruhanilər apara bilərlər. Odur ki, yas mərasimlərindəki israfın qarşısının alınması prosesinə teoloq və ruhanilərin də əlavə edilməsi mühümdür...".
Milli Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova vurğuladı ki, bütün xalqların dilində belə bir deyim var "sən süfrə aç deyim kimsən". Onun fikrincə, uzun illərdir ki toy və yas mərasimlərimiz çox eybəcərləşib: "Ancaq bütün bunları zor, təhqir, qorxutmaq və cərimə yolu ilə aradan qaldırmaq qeyri-mümkündür. Əhali arasında KİV-lərdə sağlam şəkildə maarifləndirmə işi aparılmalı və ən başlıcası maddi durumu yüksək səviyyədə olan insanlar bu addımı birinci atmalıdırlar. İnanın dörd-beş ailə istər toy, istərsə də yas mərasimlərində israfçılığa, lazımsız bər-bəzəklərə rəvac verməsələr yavaş-yavaş hər şey yoluna düşəcək. O ki qaldı icra başçılarının müdaxiləsinə bu məni təəccübləndirmir. Bir sözlə toylarımızı toy kimi, yaslarımızı yas kimi görmək istəyiriksə hər kəs ilk addımı özündən başlasın".

Əli