Yarım milyonluq korrupsiya Hadisə

Yarım milyonluq korrupsiya

Eyni mənzilləri ayrı-ayrı şəxslərə satıblar

Vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
"Dağlar" Mənzil-Tikinti Kooperativinin (MTK) vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ayrı-ayrı vətəndaşların 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalar zamanı MTK-nın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən və vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində və Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllədə kooperativin inşa etdiyi çoxmərtəbəli yaşayış binalarında 443 min 550 manat məbləğində satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını talamalarında şübhələr üçün əsaslar yaranıb.
Buna görə də faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.