“Dövlət xəstəxanalarına müraciət edənlərin sayı artıb” Hadisə

“Dövlət xəstəxanalarına müraciət edənlərin sayı artıb”

"Azərbaycanda dövlət xəstəxanalarına müraciət edənlərin sayı artıb. 4-5 il əvvəl poliklinikalar ölü qurum idi və insanlar buraya yalnız hansısa arayışı almaq üçün müraciət edirdilər". Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli XX Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinə həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, artıq poliklinikalara müraciət edənlərin sayı da çoxalıb: "Xaricə müalicə almağa gedən insanlara yalnız Azərbaycanda təsadüf olunmur. Dünyanın ən qabaqcıl, hətta pulsuz səhiyyə sisteminin olduğu ölkələrdən olan Böyük Britaniyada da insanlar müalicə üçün İndoneziyaya, Türkiyəyə gedirlər". Anar Qədirli bildirib ki, Azərbaycandan xaricə müalicə almaq üçün gedən insanları sərhəddən keçdikdən sonra klinikalara taksi sürücüləri deyil, professional insanlar yönəltməlidir: "Hazırda xarici ölkələrdə 450 nəfər mütəxəssisin öz tibbi biliklərini genişləndirmək üçün təlimlərdə iştirak edir. Azərbaycan səhiyyəsinin dünyada lider olduğunu demək olmasa da, onun geridə qaldığını da söyləmək olmaz. Azərbaycanda dünyanın bır çox ölkələrində həyata keçməyən cərrahiyyə əməliyyatları həyata keçirilir. Demək istəməzdim ki, Azərbaycan səhiyyəsi dünyada liderdir, ancaq bizim səhiyyə sistemində də islahatlar aparılır və sistem inkişaf edir". Azərbaycanda dövlət müəssisələrində 2008-ci ildən pulsuz tibb xidmətlərin tətbiq olunduğunu xatırladan Anar Qədirli deyib ki, bəzi müəssisələr Səhiyyə Nazirliyinin tabeliyində olsa da, onlar təsərrüfat hesablı müəssisələr kimi fəaliyyət göstərirlər. Ona görə də onların göstərdiyi xidmətlər pulludur: "Məsələn, belə müəssisələrdən biri Mərkəzi Neftçilər Xəstəxanadır. Ancaq Səhiyyə Nazirliyinin tabeliyində olan və dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində tibbi müayinə və müalicə pulsuzdur. Xidmətlərdən pulsuz istifadə etməsi üçün əhali özü də ayıq olmalı və hüquqlarını tələb etməlidir".