Ermənistanın Azərbaycana qarşı təcavüzü nüfuzlu mətbuat orqanlarında işıqlandırılıb Hadisə

Ermənistanın Azərbaycana qarşı təcavüzü nüfuzlu mətbuat orqanlarında işıqlandırılıb

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribat və onun yaradacağı nəticələr dünyanın nüfuzlu mətbuat orqanlarında işıqlandırılır.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, birləşmiş ştatların nüfuzlu Con Batçelor Şou radio proqramında səfir Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şefferlə Azərbaycan Ermənistan sərhəddində yaranmış gərginliklə bağlı növbəti müsahibə baş tutub.

B.Şeffer bildirmişdir ki, təxribatın baş verdiyi ərazi regionun əsas infrastruktur xəttlərinin keçdiyi əraziyə olduqca yaxındır. Belə ki, buradan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, regionun vacib dəmir yolu xəttləri və yaxınlarda açılacaq Cənub Qaz Dəhlizi keçir.

Səfir Süleymanov Ermənistanın son hücumunun əsas məqsədinin münaqişənin miqyasını böyütmək və daha çox ölkəni cəlb etmək olduğunu bildirmişdir. Ermənistan son təxribatı işğal olunmuş ərazilərdə və ya təmas xəttində deyil, Azərbaycan Ermənistan sərhhəddində - iki dövlətin beynəlxalq tanınmış sərhəddində törədir. Səfir Avropa və Asiyanı birləşdirən əsas infrastruktur xətlərinin buradan keçdiyini xatırladaraq, son gərginləşmənin regionun təhlükəsizliyinə böyük təhdid olduğunu qeyd edib. Gözlənilmədiyi anda əsas münaqişə zonasından kənarda törədilən bu təxribatda Ermənistanın məqsədi regionda vəziyyəti Azərbaycan üçün mümkün qədər qəlizləşdirmək və öz daxili problemlərindən erməni xalqının diqqətini yayındırmaq olunub. Səfir münaqişənin kiçik görünsə də, regional və beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid olduğunu, Azərbaycanın 30 ilə yaxındır ki, bununla bağlı dünya ictimaiyyətinə müraciətlər etdiyini bildirmişdir. Səfir, Ermənistan tərəfindən pozulan hazırki status kvonun davamlı olmadığını, münaqişənin tezliklə öz həllini tapmalı olduğunu bildirib.

C.Batçelor Azərbaycanın yeni təyin olunmuş xarici işlər naziri Ceyhun Bayramovun xarici siyasət planları ilə maraqlanıb. Öz növbəsində E. Süleymanov daha öncə təhsil naziri olmuş cənab Bayramovun ölkənin təhsil sistemində müsbət dönüşə nail olduğunu və müəllimlər üçün olduqca şəffaf və açıq attestasiya sistemi yaratdığını bildirib. Diplomatik sferada geniş islahatlar aparılması və xarici siyasətimizdə böyük göztəntilərin olduğunu vurğulanıb. C.Batçelor Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevi yaxından tanıdığını, onun Ermənistan nümayəndələri ilə hal hazırda debatlar keçirməsi, xarici siyasət məsələləri ilə peşəkarcasına məşğul olması, Azərbaycan səsini layiqincə xaricə çatdırmasının canlı şahidi olduğunu bildirmiş və H.Hacıyevin sosial şəbəkələrdən paylaşımlarının maraqlı olduğunu deyərək, öz auditoriyasını onu izləməyə çağırmışdır. Aparıcı həm C.Bayramova, həm də H.Hacıyevə işlərində uğurlar arzulanıb.

Müsahibə ilə https://audioboom.com/posts/7637703-south-caucasus-violence-risks-a-regional-conflict-between-turkey-and-russia-profbshaffer-elins?s=09 internet səhifəsindən tanış olmaq mümkündür.

Eyni zamanda İsraildə dərc olunan "The Jerusalem Post"-da yayımlanan məqalədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova istinadən İsrailin enerji təchizatlarına Ermənistan və Azərbaycan sərhəddindəki zorakılığın zərər verə biləcəyi bildirilir. Belə ki, qarşıdurma baş verən əraziyə yaxın yerləşən Bakı-Tbilisi-Ceyhan boru kəməri İsrailin neft idxalının 40%-ni təmin edir. Səfir beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalan münaqişənin qlobal əhəmiyyətini vurğulayır. Ermənistanın uzun müddətdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi qeyd olunur, BMT Təhlükəsizlik Şurasının qətnamələrində, eləcə də ABŞ Dövlət Departamentinin mövqeyində ölkəmizin ərazi bütövlüyünün tanındığı bildirilir.

İyulun 12-də başlayan son gərginliyin münaqişə bölgəsindən uzaq məsafədə baş verdiyi, zorakılıqlar nəticəsində azı on beş Azərbaycan və Ermənistan hərbçisi və bir azərbaycanlı mülki şəxsin həlak olduğu bildirilir.

Məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan Avropa ilə Xəzər Bölgəsi arasındakı mərkəzi tranzit və enerji marşrutuna çox yaxın olan, beynəlxalq səviyyədə tanınan bir sərhəd boyunca baş verən qarşıdurmada bir-birini günahlandırır. Bu bölgədən keçən Cənub Qaz Dəhlizinin son həlqəsinin tamamlanması ilə Avropanın Rusiyadan qaz təchizatından asılılığını azalacaqdır.