Məktəblər açılsın(mı?)... Hadisə

Məktəblər açılsın(mı?)...

Sentyabr ayı yaxınlaşdıqca ali və orta məktəblərdə dərslərin başlanması və tədrisin hansı formada təşkili ətrafında müzakirələr intensivləşir. Bu isə təbiidir, cünki təhsil elə bir sahədir ki, bütöv cəmiyyəti, hətta bütün ailələri əhatə edir. Pandemiya dövründə insan sağlamlığı hər şeydən vacib hesab olunaraq məktəblər bağlansa da, yeni tədris ilində onların hansı formada yenidən açılması gündəmin ən aktual mövzulardandır. Müzakirələrdən bu nəticəyə gəlmək olar ki, əksəriyyət məktəblərin açılmasının tərəfdarıdır - həm hökumət, həm təhsil ictimaiyyəti, həm də də valideynlər. Deyəsən, hamı sivil məktəb həyatı üçün darıxıb...
Əsas müzakirə mövzusu isə təhsilin hansı formada təşkili ilə bağlıdır. Daha çox üstünlük qarışıq – onlayn və sinif otaqlarında dərslərə verilir. Hesab edirik ki, bu daha düzgün variantdır. Həftədə 3 dəfə olmaqla, hətta siniflərdəki şagird sayını 2 hissəyə bölməklə və karantin qaydalarına əməl etməklə dərslərin təşkili mümkündür. İstənilən halda praktiki təhsil prosesi təşkil edilməlidir. Danılmaz faktdır ki, onlayn təhsil arzu olunan effekti vermir. Müəyyən fənlər üzrə bu özünü doğrulda bilər. Ancaq 1-4 siniflərin məhz məktəbdə ana dili və riyaziyyat fənlərindən canlı olaraq təhsil alması vacibdir. 1-ci sinif uşağına əlifbanı onlayn şəkildə necə mənimsətmək olar? Ana dili, xarici dil, riyaziyyat, fizika, kimya kimi ən vacib fənlərin məktəblərdə əyani keçirilməsi, fiziki tərbiyə, rəsmxətt, texnologiya, habelə tarix, coğrafiya kimi humanitar fənlərin onlayn tədrisinin təşkili daha məqsədəuyğundur.
Hər halda son vaxtlarədək məktəblərin açılması ilə bağlı tərəddüd edənlər də indi açılmanın tərəfdarı kimi çıxış edirlər. Hamı təhsilin fasiləsizliyinin təmin edilməsinin vacibliyini çox yaxşı başa düşür. Hətta BMT-nin rəhbəri Antoniu Quterriş bu yaxınlarda karantin dövründə məktəblərin bağlanmasını "nəsillərarası fəlakət" adlandırıb və bunun heç bir müsbət nəticə vermədiyini bildirib.
Avqustun 17-də Milli Məclisin (MM) Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin keçirdiyi konfransda da pandemiya və sağlamlıqla bağlı risklər olsa da, əsas fikir məktəblərin açılmasının zəruriliyini özündə ehtiva edib. Təhsil naziri Təhsil naziri Emin Əmrullayev növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təkliflərə əsaslanaraq bildirib ki, “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb. Tədrisin məsafədən təşkili, qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma endirilməsi üçün umumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının azaldılması kimi tədbirlər nəzərdə tutulur. Tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi məqsəduyğun hesab edilir.
Əslində rayonlarda məktəblərin açılması daha real və daha asan görünür. Məsələn, Şamaxının karonavirus olmayan hər hansı bir kəndində məktəbdə dərslərin keçirilməsi üçün hər hansı təhlükə yoxdur, müəllim də, şagird eyni kənddə yaşayır. Sadəcə olaraq məktəbə gələnlərin qızdırmasını ölçməklə, hər hansı qrip və öskürək kimi əlamətlərinin olmadığını yoxlamaqla dərslərə buraxmaq olar. Əslində pandemiya ilə bağlı məktəblərin açılması məsələsində ən böyük risklər Bakı, Sumqayıt, Gəncə və Xırdalan kimi əhalinin və məktəblərdə şagird sıxlığının yüksək olduğu böyük şəhərlərdədir. Bakı kimi yerdə həm gediş-gəlişdə sıxlıq var, həm də məktəblərdə. Paytaxtın bu qədər yüklənməsi burada təhsilin təşkilində də çətinliklər yaradır ki, pandemiya dövründə bu özünü daha qabarıq şəkildə göstərir. İndiki halda 2 növbədə işləyən və şagird sıxlığı yüksək olan məktəblər dərsləri siniflərdə necə təşkil etsinlər? Bütün bunları nəzərə alsaq, indiki halda tədrisin təşkilində qarışıq (onlayn və sinif otağında) modellərin tətbiqi daha ağlabatandır.
Hər halda ölkəmizdə məktəblərin fəaliyyətə başlaması bütün hallarda olacaq. Bu açılmaya təsir edən başlıca amil pandemiya şəraitinin hansı səviyyədə olmasıdır. Milli Məclisin Elm və Təhsil komitəsinin sədr müavini Musa Qasımlı da bildirib ki, (Baku.ws) əsas məsələ dərslərin hansı formada keçiriləcəyindən ibarət olacaq: “Ənənəvi formada dərslərin bütün təhsil sistemində keçirilməyəcəyi indidən aydın görünür. Çünki koronavirus pandemiyasına qədərki şəraitdə olan təhsillə, indiki arasında çox fərq olacaq. Biz üzə-üzə təhsilin daha az olacağını görəcəyik. Dərslər müxtəlif formalarda keçirilə bilər. Hesab edirəm ki, bizim ölkəmizdə orta məktəblərdə dərslər şəraitə uyğun olaraq, koronavirus pandemiyasının səviyyəsinə müvafiq qarışıq formada, yəni həm üzbəüz, həm də virtual məktəb layihəsi formasında keçirilə bilər. Valideynlərin məktəbə hazırlıq işlərini aparmasındakı əndişələrini də başa düşmək lazımdır. Qeyri-müəyyənlik onlara da təsir göstərir. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində hər şey aydın olacaq. Bu gün böyük ticarət mərkəzləri işləməsə də, digər yerlər fəaliyyət göstərir. Bizim hər bir vətəndaşımız Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ciddi riayət etməklə məktəbli övladları üçün bazarlığı edə bilər. Tibbi maska taxmalı, sosial məsafə saxlamalı və gigiyena qaydalarına riayət etməlidir”.
Mahir Həmzəoğlu