Bu il Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 150 nəfər qəbul olunub Hadisə

Bu il Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 150 nəfər qəbul olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 150 nəfər qəbul olunub.

ƏƏSMN-dən verilən məlumata görə, onlardan 11 nəfəri 18 yaşadək uşaqlar, 139-u 18 yaşdan yuxarı olanlardır. Həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq bölmələrinə qəbul ediliblər.

Mart ayından pandemiya ilə əlaqədar müəssisəyə birbaşa qəbul aparılmadığından, qəbul ediləcək şəxslər əvvəlcə müəssisənin ərazisindəki karantin bölməsinə yerləşdirilirlər. Müasir tələblərə uyğun şəraitin yaradıldığı bölmədə 14 gün ərzində xüsusi geyimlə, qoruyucu vasitələrlə, qida və s. ilə təmin edilirlər və mütəmadi müayinələri aparılır. Bu müddətdə onlarda koronavirusa yoluxma aşkar edilmədikdə, Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə qəbul olunurlar.

Hazırda Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 56 nəfər yaşayır. Onların normal həyat tərzinə sahib olmaları, cəmiyyətin digər üzvləri ilə yanaşı addımlaya bilmələri, əmək qabiliyyətli olanların əmək bazarına dönüşü və s. üçün də işlər aparılır.