Ermənistanın atəşi nəticəsində mülki obyektlərdə yanğınlar baş verib Hadisə

Ermənistanın atəşi nəticəsində mülki obyektlərdə yanğınlar baş verib

Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində Azərbaycandakı mülki obyektlərdə yanğınlar baş verib

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağcabədi rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Ağdam rayonunda düşmən artilleriyasının atdığı mərmi vətəndaşa məxsus köməkçi tikilinin yanar konstruksiyalarının alovlanmasına səbəb olub. Yanğınsöndürmə qüvvələri tərəfindən yaxınlıqdakı ev yanğından mühafizə edilib. Bundan əlavə, Ermənistan ordusunun atdığı mərmi səbəbindən Ağdam rayonuda digər vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə FHN-ə məlumat daxil olub. Düşmən tərəfindən ərazi intensiv atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.