Gəncə və Mingəçevirin raket atəşinə tutulması erməni vandalizminin bariz nümunəsidir Hadisə

Gəncə və Mingəçevirin raket atəşinə tutulması erməni vandalizminin bariz nümunəsidir

Azərbaycanın böyük şəhərləri olan Gəncə və Mingəçevirin raket atəşinə tutulması erməni faşizminin, vandalizminin bariz nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat vurğulayıb ki, Gəncədəki erməni vəhşiliyinin nəticəsində 9 nəfər həyatını itirib, 30 dan çox yaralı var:

“O cümlədən infrastuktura, iaşə obyektlərinə, nəqliyyata ciddi ziyan dəyib. Bütün bunlar beynəlxalq hüquqla müəyyənləşmiş prinsiplərə ziddir. Ermənistan bütün dünya üzrə qəbul olunmuş Cenevrə konvensiyalarının müddəalarını açıq şəkildə pozur, Xocalıya düzgün qiymət verməyən dünya Gəncə faciəsinə də susur.

Ermənistan digər ölkələrin prezidentlərinə müraciət edib humanitar atəşkəsə razılıq verilməsini təmin etdi. Bildiyimiz kimi humanitar atəşkəsin əsas məqsədi əsirlərin dəyişdirilməsi, cəsədlərin təmas xəttindən çıxarılmasıdır. Lakin düşmən dövlət bundan istifadə edib şəhərlərimizi hədəfə aldı. Bu sirr deyil ki, Ermənistana cəsədləri götürmək lazım deyil. Çünki bütün itkilər gizlədilir. Eyni anda mindən çox itkinin Yerevana aparılması Paşinyan hakimiyyətinə xeyir etmir.

Bu səbəbdən də atəşkəsi pozmağa tələsdi. Artıq dünyaya da bəllidir ki, Ermənistanda hakimiyyət uğurunda mübarizə gedir. Məhz bu cəhətdən də cəbhədə olanlar kimlərinsə maraqlarına uyğundur. Daxili çəkişmələrdən yayınmağa calışan Ermənistan hakimiyyəti çıxış yolunu cəbhədəki təxribatlarda görürdü. Ancaq bu da uğursuzluqla nəticələndi. Ordumuzun dayanmadan irəliləməsi düşmən dövlətin iqtidarının vəziyyətini ağırlaşdırır.

Gəncə və digər şəhərlərə Ermənistandan atəş açılmasının əsas məqsədi Azərbaycanı cavab atəşinə məcbur edib digər ölkələri münaqişəyə cəlb etməkdir. Göründüyü kimi Azərbaycan hakimiyyəti bu təxribatı çox yaxşı başa düşür və düşmənin tələsinə düşmür. Bu isə Ermənistanı daha da qıcıqlandırır. Qarşı tərəf Azərbaycanın şəhərlərini raket atəşinə tutmaqla total müharibənin başlanğıcını qoymağa çalışır. Azərbaycanın başqa ölkələri müharibəyə cəlb etmək və ya başqa ölkənin ərazisinə atəş açmaq fikiri yoxdur.

Biz öz ərazilərimizdə antiterror əməliyyatı həyata keçiririk. Atəşkəs elan olunduqdan sonra qarşı tərəfin xarici ölkələrdən silah alması da əslində bu atəşkəsdən vaxt qazanıb güc toplaması üçün istifadə idi.

Azərbaycan xalqı Orduya və Ali Baş Komandanına güvənir. Hər bir vətəndaş dövlətinin ətrafında birləşib, daha böyük qələbəyə köklənib. Bizim ordumuz və dövlətimiz bu təxribatları cavabsız qoymayacaq”.