Kəmaləddin Heydərov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşüb Hadisə

Kəmaləddin Heydərov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşüb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 18-də Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəmaləddin Heydərov qonaqlara respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
Həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın böyük iqtisadi inkişaf yolu keçdiyini diqqətə çatdıran qonaq ölkəsinin əlaqədar qurumlarının FHN-lə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.