ANAMA sədri: Azad edilmiş ərazilərə təhlükəsiz qayıdış üçün minalarla çirklənmiş ərazilər çəpərlənir Hadisə

ANAMA sədri: Azad edilmiş ərazilərə təhlükəsiz qayıdış üçün minalarla çirklənmiş ərazilər çəpərlənir

44 günlük Vətən müharibəsinin başa çatandan etibarən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 300, 565 hektar ərazi təmizlənib və 261, 705 ədəd mina və digər partlayıcı sursat zərərsizləşdirilib.

APA xəbər verir ki, bunu "Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda paneldə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

“Ekoloji qiymətləndirmə layihələrini əks etdirən meşə fondunun bərpası, Dostluq meşəsi, Bəsitçay Dövlət Təbiət Qoruğu kimi milli parklar, dövlət təbiət yasaqlıqları, çay ətrafı ərazilər, su hövzələrinin bərpası, geoloji kəşfiyyat işləri, qeyri-filiz faydalı qazıntı yataqlarının axtarış əraziləri, eləcə də erkən xəbərdarlıq sistemlərinin quraşdırılması üçün 31,037 hektar, həmçinin kənd təsərrüfatı üçün 132,447 hektar, yaşayış infrastrukturun inkişafı üçün 71,202 hektar, energetika infrastrukturu üçün 12, 443 hektar, meliorasiya və su təsərrüfatı layihələri üçün isə 8,447 hektar ərazi partlayıcı sursatlardan təmizlənib. İşğaldan azad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təminatı məqsədilə minatəmizləmə prosesi ilə yanaşı mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş ərazilər konservasiya edilərək çəpərlənir", Vüqar Süleymanov qeyd edib.