Bələdiyyə seçkiləri üzrə maarifləndirmə tədbirləri keçirilir Hadisə

Bələdiyyə seçkiləri üzrə maarifləndirmə tədbirləri keçirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Mərkəzi Seçki Komissiyası ilə birgə bələdiyyə seçkiləri üzrə silsilə regional maarifləndirmə tədbirləri keçirilir. Növbəti belə tədbir Füzuli rayonunda təşkil olunub. Ombudsman Aparratından "Xalq Cəbhəsi"nə verilən xəbərə görə, tədbirdə MSK-nın əməkdaşları, Füzuli Rayon İcra Hakimiyyətinin, müvafiq dairə və məntəqə seçki komissiyalarının, bələdiyyələrin nümayəndələri, KİV-in və icmaların təmsilçiləri, geniş ictimaiyyət iştirak ediblər.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov tədbirin təşkilinə görə Füzulinin "Fəxri vətəndaşı" Elmira Süleymanovaya və MSK-ya minnətdarlığını bildirib bu aktual mövzuya həsr edilmiş tədbirin əhəmiyyətini vurğulayıb, Regionların sosial-iqtisadi inkişaf Proqramına uyğun olaraq, rayondakı geniş abadlıq-quruculuq işləri, Horadiz şəhərinin yenidən qurulduğu barədə məlumat verib, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının diqqətdə saxlanıldığını bildirib. O, qarşıdan gələn bələdiyyə seçkilərinin vacibliyini qeyd edərək, şəhərdə insan hüquqlarının, o cümlədən seçki hüquqlarının təmini ilə bağlı tədbirlər, seçki qanunvericiliyinə uyğun olaraq, seçkilərə hazırlıq, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəlmiş tədbirlər barədə məlumat verib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı "Azərbaycan Respublikasında seçki hüququnun təmini sahəsində həyata keçirilən hüquqi islahatlar və ölkəmizin vətəndaşlarının bələdiyyə seçkiləri ilə bağlı hüquq və vəzifələri" mövzusunda məruzə ilə çıxış edərək, sürətlə abadlaşan Füzuli rayonunun inkişaf etdiyini söyləyib. O, Azərbaycanın dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda getdiyini bildirmiş, ölkəmizin davamlı inkişaf tempinin onu dünya miqyasında aparıcı ölkələrdən birinə çevirdiyini vurğulayıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində hər bir şəhərdə, rayonda, bütün ölkə ərazisində geniş abadlıq-quruculuq işləri üçün imkanlar yaradıldığı, əhalinin rifahının yüksəldiyi diqqətə çatdırılıb.
Qeyd olunmuşdur ki, sosial və iqtisadi inkişafla yanaşı, insan hüquqları sahəsində də geniş islahatlar aparılıb, Azərbaycan çoxsaylı beynəlxalq Konvensiyalara qoşulub, milli qanunvericilik, institutlaşma təkmilləşdirilmiş, ölkəmiz müstəqillik əldə etdikdən sonra insan hüquqlarının, o cümlədən seçki hüquqlarının müdafiəsi və təmini sahəsində də mühüm irəliləyişlər olub. Ölkədə artıq 12 ildir ki, fəaliyyət göstərən Ombudsman təsisatı insan hüquqları, o cümlədən seçki hüquqları sahəsində də maarifləndirmə işinə daim önəm vermişdir. Bu istiqamətdə MSK ilə sıx əməkdaşlıq əlaqələri qurulub, seçki hüququ ilə bağlı birgə maarifləndirmə tədbirləri, treninq-seminarlar keçirilib, habelə polislə bu sahədə aparılmış davamlı hüquqi maarifləndirmə işi də səmərəli olub.
Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) 3.10-cu maddəsində seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların davam etdirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılmışdır.
A.Səfixanlı bildirmişdir ki, qarşıdan gələn 23 dekabr -- Bələdiyyə seçkiləri ərəfəsində seçki hüquqları xüsusi əhəmiyyət kəsb edir, seçmək və seçilmək hüquqları prioritet məsələdir, bu seçkilər xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında mühüm əhəmiyyətə malikdir. Bu seçkilərlə bağlı MSK tərəfindən plana uyğun olaraq, yerlərdə də silsilə hazırlıq tədbirlərinin keçirildiyi və nəzərdə tutulmuş tarixlər çərçivəsində namizədlərin irəli sürülməsi və onların qeydiyyatı istiqamətində işlərin davam etdirildiyi bildirilib.
Qeyd olunub ki, ölkə Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Beynəlxalq standartlara uyğun olaraq, respublikamızda seçki hüquqları sahəsində qanunvericilik, Seçki Məcəlləsi daha da təkmilləşdirilib, bu sənədə zəruri əlavə və dəyişikliklər edilib. Ölkə Prezidentinin 11 may 2005-ci il tarixli və 25 oktyabr 2005-ci il tarixli müvafiq sərəncamları mühüm əhəmiyyət kəsb edir, bu sərəncamların əsas müddəaları Seçki Məcəlləsində nəzərə alınmışdır və adı çəkilən sənədlərin təbliği zəruridir. Müvəkkil və onun Aparatının əməkdaşları ötən dövrdə ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq müşahidəçi qismində izləmiş, bu istiqamətdə müəyyən təcrübə qazanılıb. Bildirilib ki, Ombudsman və əməkdaşları qarşıdakı seçki prosesində də ölkənin müxtəlif rayonlarında müşahidəçi qismində iştirak edəcəklər. Bununla yanaşı, bir qədər əvvəl təsisatda əməkdaşlar üçün treninq təşkil olunub, faydalı məlumatlar əldə edilib.
MSK-nın nümayəndələri Faiq Bəşirov və İlkin Şahbazov çıxışlarında təmsil etdikləri qurumun fəaliyyəti, Seçki Məcəlləsinin müvafiq müddəaları, seçki sistemi, səsvermə qaydaları, müşahidəçilik institutu və müşahidə aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, seçki komissiyalarının üzvləri üçün maarifləndirmə tədbirləri və digər məsələlər haqqında məlumat veriblər.
Müzakirələr zamanı dairə və məntəqə seçki komissiyalarının, bələdiyyələrin üzvləri və digər iştirakçılar çıxış edərək, bu sahədə rayonda aparılan işlər, seçki qanunvericiliyinə uyğun olaraq seçkilərə hazırlıq, DSK və məntəqə seçki komissiyalarının, habelə bələdiyyələrin fəaliyyəti, seçki məntəqələrinin texniki təchizatının vəziyyəti barədə məlumat vermiş, həmçinin seçki hüquqları sahəsində maariflənmənin vacibliyini qeyd ediblər...

Əli