“Cəmiyyətin bütün eybəcərlikləri efirə gətiriləndə…” Hadisə

“Cəmiyyətin bütün eybəcərlikləri efirə gətiriləndə…”

Sabir Rüstəmxanlı: "Meyxana indi telekanallardan düşmür, bu, bizə lazım deyil"

Nuşirəvan Məhərrəmli: "Telekanalların musiqi studiyalarında əyləşənlərin səviyyəsi çox aşağıdır"

Dünən Elektron Mediaya Yardım Fondunun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfrans keçirilib.
Konfransda millət vəkili Sabir Rüstəmxanlı deyib ki, telekanallarda olan yaxşı verilişlər xaricdə adama başucalığı, bir pis veriliş isə başaşağılığı gətirir.
S. Rüstəmxanlı "Azərbaycan Dil Qurumu" İctimai Birliyi yaratdıqlarını nəzərə çatdırıb. Onun fikrincə, teleproqramlar hazırlanarkən dünya coğrafiyası da düşünülməlidir: "Mən Tatarıstanda olanda gördüm ki, bizim verilişləri izləyirlər. Biz necəyiksə, təhsilimiz, qanunlarımız, ədəbiyyatımız nə səviyyədədirsə, telekanallarımız da o səviyyədədir. Təhsildə, digər sahələrdə səhvlər telekanallarda səhvlərə gətirib çıxarır".
S. Rüstəmxanlı bəzi ailələrin uşaqlara Azərbaycan dilini sevdirmədiyini söyləyib: "Bir uşaqdan soruşdum ki, niyə Azərbaycan dilində danışmırsan? Dedi ki, Azərbaycan dilini sevmirəm. Mən yayda pansionata gedirəm, hətta orta səviyyəli məmurların uşaqlarının dayələrindən biri də Azərbaycan dilində danışmır. Bu dayələr uşaqlara dilimizi necə öyrədəcək? Aparıcılar da bizim içimizdən çıxır. Bəzən istedadlı şəxslər qıraqda qalır, qohum-əqrəbalarını aparıcı götürürlər. Bəziləri Türkiyə teleseriallarına baxırlar, elə bilirlər ki, o cür danışmaq lazımdır. Lakin dilimizin türk dili ilə zibillənməsi fikri ilə razı deyiləm, Avropa və digər dillərdən keçən sözlərə xüsusi diqqət yetirilməlidir. Vacib halda Anadolu türkcəsi ilə dilimiz zənginləşirsə, tutaq ki, "əhəmiyyətli" sözü əvəzinə "önəmli" sözü işlədilirsə, bunu nöqsan kimi qeyd etmək olmaz. Türk dillərində 1 milyard söz var, biz bu sözlərdən yararlanmalıyıq".
S. Rüstəmxanlı xatırladıb ki, prezident İlham Əliyev də məktəbi rus dilində qurtarıb, lakin Azərbaycan dilində çox gözəl danışır: "Ancaq aktrisa Azərbaycan dilində danışa bilmirsə, niyə telekanala buraxılır? Nə cür olur ki, meyxananı bir vaxt ortaya qoymazdılar, indi isə telekanallardan düşmür? Əvvəllər camaat toylarda muğama qulaq asanda, uşaqlar hasarın dibində meyxanaya qulaq asardılar. Meyxananın səviyyəsi də bir səviyyə deyil. Əgər telekanallar bizə bunu gətirirlərsə, bu bizə lazım deyil".
MTRŞ sədri Nuşirəvan Məhərrəmli də S. Rüstəmxanlının fikirləri ilə razılaşıb: "Deyirlər ki, televiziyalar cəmiyyətin aynasıdır. Ancaq cəmiyyətin bütün eybəcərliklərini efirə gətirmək düzgün deyil".
N. Məhərrəmli telekanalların musiqi studiyalarında əyləşənlərin səviyyəsinin çox aşağı olduğunu vurğulayıb: "Bu gün dünyaya muğamımızı göstəririk, dünya qəbul edir. Ancaq bir vaxt küçədə avara uşaqların musiqi ritmlərini sanki yüksək musiqi əsəri kimi təqdim edirik. Bu, düzgün deyil. Bir zaman telekanallarla bağlı həyəcan təbili çalırdıq, biz onun qarşısını ala bildik. Bundan sonrakı mərhələdə keyfiyyətli verilişlərin sayını artırmaq lazımdır".
Xarici və Rusiya telekanallarında reklamların qiymətinin Azərbaycan telekanalları ilə müqayisədə dəfələrlə çox olmasına diqqət çəkən MTRŞ sədri deyib ki, cəmiyyət telekanallardan yüksək səviyyəli verilişlər tələb edir, ancaq telekanallar reklamlarla dolanır, verilişləri hazırlayanlar reklamlardan gələn gəlirlərdən əmək haqqı alırlar: "Biz bu məqamı nəzərə almalıyıq. Yeri gəlmişkən, kimi danışdırırsan, deyir ki, xarici telekanala baxırıq. Amma biz öz telekanallarımıza da baxmalıyıq. Məsələn, Azərbaycanda italyan mağazaları da var, ancaq biz təkcə o mağazaya yox, yerli mağazaya da daxil oluruq. Telekanallara da münasibətimiz belə olmalıdır. Çalışacağıq ki, MTRŞ olaraq telekanallarda müəyyən nöqsanları səlahiyyətlərimiz səviyyəsində aradan qaldıraq".