Azərbaycan Konstitusiyasına dair məruzələr dinlənilib Hadisə

Azərbaycan Konstitusiyasına dair məruzələr dinlənilib

Bakı Dövlət Universiteti (BDU), Dövlət Gömrük Komitəsinin Akademiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə 12 noyabr - Konstitusiya Gününə həsr edilən onlayn konfrans keçirilib. Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən rektor Elçin Babayev Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 25-ci ildönümünün əlamətdar günlərə - 30 ilə yaxın müddətdə işğalçı Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpa edildiyi Böyük Qələbənin sevincini yaşadığımız günlərə təsadüf etdiyini xüsusi vurğulayıb. Rektor ulu öndər Heydər Əliyevin memarı olduğu, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızda insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdiyini diqqətə çatdırıb.
Onlayn konfransın moderatoru, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev ölkə tarixinin mürəkkəb dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun mühüm hissəsi olan Konstitusiyanın müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil etdiyini konfrans iştirakçılarının nəzərinə çatdırıb.
“Azərbaycan Respublikası Konstitusiyasının beynəlxalq hüquqi əhəmiyyəti” mövzusunda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsinin başlandığını vurğulayıb. Ali sənədin ölkədə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etdiyini, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırıldığını qeyd edib.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisinin birinci müavini Elşad Nəsirov “Azərbaycan Respublikası Konstitusiyasına görə hakimiyyət bölgüsü mexanizmi” mövzusunda məruzə ilə çıxış edib. O, məruzədə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi əsaslı islahatların qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdığını diqqətə çatdırıb. Konstitusiyada hakimiyyət bölgüsünün ali icra, qanunvericilik və məhkəmə hakimiyyəti bərqərar olunduğunu qeyd edib, konstitusiyanın müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan Əsas Qanun olduğuna diqqəti çəkib.
Sonda BDU-nun Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə, Tələbə Həmkarlar Təşkilatının sədri Əkbər Əliyev, III kurs tələbəsi Mehrubə Abdullayeva Konstitusiyanın qəbul olunma tarixi, onun əsas müddəaları və s. barədə çıxış ediblər.