11 saylı cəzaçəkmə müəssisəsində 11 nəfər azadlığa buraxılıb Hadisə

11 saylı cəzaçəkmə müəssisəsində 11 nəfər azadlığa buraxılıb

Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

Trend-in məlumatına görə, dövlət başçısının sərəncamı bu müəssisədə cəza çəkən 15 nəfərə şamil edilib.

Onlardan 11 nəfər azadlığa buraxılıb, 4 nəfərin isə cəzasının yarısı bağışlanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv Sərəncamı 625 məhbusa şamil olunub. Onlardan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilib.

Həmçinin sərəncamla azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.

Sərəncam 6 xarici ölkədən 23 şəxsə də şamil olunub.