Müşfiqabad məscidində yeni dini icma qeydiyyata alınıb Hadisə

Müşfiqabad məscidində yeni dini icma qeydiyyata alınıb

QMİ azərbaycanlıların Suriyaya döyüşə göndərildiyi məscidə yeni imam təyin edib
Şaiq Əliyev: "Məsciddən ayrı-ayrı adamların Suriyaya döyüşə göndərildiyi barədə bizdə də məlumat var"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidində yeni yaradılmış dini icmanı dövlət qeydiyyata alıb və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidə yeni rəsmi imam təyin edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
Komitədən bildirilib ki, vaxtilə xarici humanitar təşkilat kimi fəaliyyət göstərən qurumun maliyyə dəstəyi ilə inşa edilmiş məscidin 1998-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış köhnə dini icması bu yaxınlarda özünü buraxıb və Dövlət Komitəsi tərəfindən dövlət reyestrindən çıxarılıb. Bundan sonra məsciddə yeni dini icmanın formalaşdırılması məqsədilə qəsəbənin dindar sakinlərindən ibarət təşəbbüs qrupu yaradılıb, icmanın təsis yığıncağı keçirilib və dövlət qeydiyyatına alınması üçün müvafiq sənədlər Dövlət Komitəsinə təqdim olunub. Dini icmanın rəsmi müraciətini və QMİ-nin təqdimatını nəzərə alaraq, icma DQİDK-da qeydiyyatına alınıb. Eyni zamanda, QMİ yeni dini icmanın formalaşdırılmasını və icmanın müraciətini nəzərə alaraq, "Dini etiqad azadlığı haqqında" qanuna uyğun məscidə rəsmi imam təyin edib.
Yeni icmanın martın 1-də keçirilmiş ümumi yığıncağında dini icmanın sədri İrşad Süleymanov və təyin edilmiş rəsmi imam Şaiq Əliyev məscid dindarlarına təqdim olunub.
Yığıncaqda qeyd edilib ki, bundan sonra məscidin fəaliyyəti dini icmanın dövlət qeydiyyatına alınmış Nizamnaməsinə uyğun tənzimlənəcək. Belə ki, Nizamnaməyə əsasən məzhəbindən asılı olmayaraq, bütün dindarların məsciddə ibadət etməsinə şərait yaradılacaq, camaat namazları və cümə xütbələri isə yalnız rəsmi təyin olunmuş imamın rəhbərliyi ilə həyata keçiriləcək.
Bildirilir ki, vəhhabi cərəyanının nümayəndələri köhnə icmanın fəaliyyətsizliyindən istifadə edərək, Müşfiqabad məscidini uzun müddət idi ki, qeyri-qanuni şəkildə faktiki olaraq öz nəzarətləri altına almışdırlar.
Qeyd edək ki, məsciddə fəaliyyət göstərmiş köhnə icma və keçmiş imam Mübariz Qaçayev azərbaycanlıların Suriyaya döyüşlərə göndərilməsinin təşkilində də ittiham olunur. Bu iddialardan sonra burada fəaliyyət göstərən icmanın fəaliyyəti dayandırılıb, imamı istefa verib.
Məscidə təyin olunan yeni imam Şaiq Əliyev APA-ya açıqlamasında bildirib ki, məsciddə son günlərə qədər başqa niyyətli insanların toplaşması, Suriyaya döyüşə göndərilmə hallarının olması ilə bağlı onlarda da məlumat var.
O qeyd edib ki, məsciddə fəaliyyətlərinin məqsədi dövlətçiliyin keşiyində durmaq, bura toplaşanların dövlətçiliyi dərk etməsi, normal ibadətlərini davam etdirməsi olacaq: "İndiyə qədər məsciddən "Cihad" adı altında Suriyaya insanların göndərilməsi ilə bağlı bizdə də məlumat var, bilirik. Bütün hallarda artıq hər şey bizim nəzarətimiz altındadır və ən azı indən belə bu hal olmayacaq. İndiyə kimi olan hallarla bağlı, keçmiş imam Mübariz Qaçayev və onun ətrafında olanlarla bağlı iddialar varsa, təbii ki, müvafiq qurumlar tərəfindən araşdırma aparılmalıdır və aparılır. Biz bu məsələdə müşahidə apara bilərik, yalnız işimizi görə bilirik. Amma istər yeni təyinatdan sonra təhvil-təslimdə, istərsə indiyə qədər olan camaat namazlarında Mübariz Qaçayev can-başla bizə dəstək oldu, bizimlə birgə namazlarını qılıb, ibadətini etdi".
Məscidin yeni imamı bildirib ki, hazırda məscidə bütün təriqətə mənsub olan müsəlmanlar gəlirlər: "Məscid hər kəsin üzünə açıqdır. Bura "vəhabi" deyilənlər də, özünü "xəvarici", "sələfi" adlandıranlardan da gəlirlər. Lakin istər xaricə cihad adı altında getmək üçün insanları təhrik etmək, istərsə də digər başqa niyyətdə olanlar artıq yeni təyinatdan sonra məscidə gəlmirlər. Bizə qədər bura olduqca müxtəlif məqsədli insanlar gəlirmiş, toplaşırmışlar. İndi onlar məscidin başqa niyyətlərin baş tutmaması üçün nəzarət altında olduğunu hiss edirlər, bura gəlmirlər. Onlar artıq özlərini məscidə, bizə yad hesab edirlər".