“Azərbaycan xanimı dünyaya örnəkdir” Hadisə

“Azərbaycan xanimı dünyaya örnəkdir”

Elman Cəfərli: "Azərbaycan xanımlarının tək yanlışı həyat yoldaşına hədsiz dərəcədə inanmasıdır"

Azərbaycan xanımları dünyada öz gözəlliyi və sədaqəti ilə hər kəsdən öndə dayanırlar. Ümumiyyətlə Azərbaycan xanımlarının müsbət və mənfi keyfiyyətləri hansılardır? Onların əks cinsin nümayəndələri ilə tam harmoniyada şəraitində olmalarına nə mane olur?
Həmkarlarımız bu barədə nə düşünürlər?
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Səfər Alışarlı bildirdi ki, Azərbaycan xanımları büsbütün müsbət keyfiyyətlərdən ibarətdir: "Onların əsrlər boyu çəkdiyi kasıblıq, savadsızlıq və başqalarının iradəsindən asılılıq təbii ki, təsirsiz ötüşməyib. Amma bizim qadınlar bu çətinliklərin hamısına dözüblər. İndi-indi ağ günə çıxırlar, çünki müstəqil dövlətimiz var. Bizim qadınların əks cinsə münasibəti də yuxarıda qeyd etdiyim məsələlərdən qaynaqlanır. Onlar əks cinslə bərabər yüksəkliklərə təzə-təzə alışırlar. Xüsusilə kənd rayonlarında. Biz çalışmalıyıq ki, qadınlarımız savadlı, təhsilli olsun, qalan məsələlər tədricən həll edilər. Fürsətdən istifadə edib qadınlarımızı 8 mart bayramı münasibətilə təbrik edirəm".
"Olaylar" İnformasiya Agentliyinin siyasi icmalçısı Elman Cəfərli diqqətə çatdırdı ki, Azərbaycan xanımları mərd, qayğıkeş, ev quran, ailə qoruyandır: "Azərbaycan qadını güzəştə meyllidir. Fikrimcə, bu gözəl xüsusiyyətdir. Xanım güzəştə, kompromisə meyyli olmasa, ailəni qorumaq mümkün olmaz. Azərbaycan qadını ailəsi üçün karyerasını, sənətini də qurban verər. İndi Avropa meylli adamlara bu xüsusiyyət qəribə gələ bilər. Amma hesab edirəm ki, hədsiz azadlıq da mənfi nəticələr doğura bilir. Son vaxtlar Cəfər Cabbarlının eyni adlı pyesindəki almazların sayı çoxalıb. Cürbəcür ərindən boşanmış hüquq müdafiəçiləri, yazarlar, şairələr peyda olub. Bir az ailədə problemi olana "ay qız, boşan, o ayıda oturma" deyə məsləhətlər verirlər. Məncə bu, yanlışdır. Ailəni dağıtmaq asandır, qurmaq çətin. Qadınlar cəfəng təbliğata uymamalı, mümkün olduğu qədər ailəni qorumalıdırlar. Çünki ailəsiz xanımlara Azərbaycan cəmiyyətində yaşamaq çox çətindir. Onlar daim psixoloji basqı altında yaşamaq zorunda qalırlar. Azərbaycan xanımları həyat yoldaşının karyerasına, yüksəlişinə yardım etmir, əksinə maneə yaradır" fikri də yanlışdır. Azərbaycan xanımlarının tək yanlışı həyat yoldaşına hədsiz dərəcədə inanmasıdır. Məncə, şübhə ilə yanaşsalar, daha yaxşı olar".
Azəriinfo.som saytının baş redaktoru Təbriz Vəfalı diqqətə çatdırdı ki, Azərbaycan qadınlarının müsbət və mənfi xüsusiyyətlərini xarakterizə etməzdən əvvəlkeçmiş SSRİ dövrü ilə indiki dövrü müqayisə etsək daha yaxşıdır: "Düşünürəm ki, Azərbaycan xanımlarının müsbət və mənfi xüsusiyyətlərini xarakterizə etməzdən əvvəl keçmiş SSRİ dönəmindəki və indiki dövrdəki sosial-iqtisadi durumu, ailə məsələlərinə münasibət, qadın-kişi problemləri və digər məsələləri müqayisəli şəkildə əsaslandırmaq daha düzgün olar. Söhbət ondan gedir ki, qadınlarda mənfi və müsbət xarakterlərinin formalaşması ailə stereotiplərindən, düşdükləri mühitlərdən, təhsilin səviyyəsindən və digər amillərdən daha çox asılıdır. Bu baxımdan da müqayisə etdikdə, sabiq Sovetlər İttiqafı dönəmində işsizlik və yoxsulluq problemləri indiki dövrümüzdəki kimi o qədər olmayıb. SSRİ dövründə Azərbaycanda milli mentalitetə hörmətin və el adət-ənənələrinin qorunması baxımından açıq-saçıq geyim, həddən artıq kosmetikadan istifadə, siqaret çəkmə, alkoqollu içki qəbul etmə, narkotik maddələrə qurşanma və sair diqqəti cəlb edəcək səviyyədə olmayıb. Üstəlik, valideynlərin, ağsaqqal və ağbirçəklərin sözlərinə, məsləhətlərinə qulaq asmaq kimi bir ənənə formalaşmışdı. Digər bir məsələ isə ailə stereotipləri ilə bağlıdır. Yəni, geyimlərin seçilməsi, davranış qaydaları və sair valideynlərin nəzarəti altında aparılırdı. Eyni zamanda ailə stereotiplərinə görə ərlə arvad arasında münasibətlərin qorunub saxlanılmasına xüsusi diqqət ayrılırdı. Bir sözlə, SSRİ dövründə xanımlarda işgüzarlıq, ailəyə sədaqət, həyat yoldaşına məhəbbət, böyüklərə rəğbət, elmə və peşəyə məhəbbət və maraq kimi xarakterlər daha çox formalaşmışdı. İndiki dövrə gəlincə, xanımlarımızın böyük əksəriyyəti sovetlər dönəmindəki adət-ənənələri, milli mentalitetin tələblərini unudublar. Ən ciddi problemlərdən biri də odur ki, bəzi qadınlarda pula hərislik, ailəyə xəyanət, maşın və bahalı əşyaya aludəçilik və sair mənfi xüsusiyyətlər formalaşıb. SSRİ dövründə övlada məhəbbət əsas yerlərdən birini tutsa da, indiki dövrdə bəzi xanımlar övlad sevgisinin nə olduğunu bilmirlər. İşgüzarlıqdan uzaqlaşma və tənbəllik, vaxtının böyük qismini əyləncəyə sərf etmək də günümüzdə mövcud olan problemlərdən biridir. Üstəlik, əxlaqsızlığa meyl, siqaret çəkmə, spirtli içki və narktotik maddə qəbul etmə və digər səbəblər də xanımların bəzi əks cinsin nümayəndələri ilə normal münasibətlərin qurulmasına mənfi təsiri göstərir. Lakin bu gün öz ailəsinə sadiqliyi, həyat yoldaşını və ailəsini sevən, işgüzar, savadlı və digər müsbət keyfiyyətə qadir xanımlarımız da var. İnanıram ki, aparılan təbliğat və ictimai qınaq sayəsində zaman-zaman müsbət keyfiyyətli xanımlarımızın sayı daha da artacaq".
"Binəqədi" qəzetinin redaktoru Siyavuş Əmirli vurğuladı ki, doğrudanda Azərbaycan cəmiyyətində fədakar qadınlar çox olub və indi də var: "Qadınlarımız, öz zəkası, nüfuzu və müdrikliyi ilə bəşər tarixində özünəməxsus iz salıblar. Min illərdir Azərbaycan torpağında milli-mənəvi dəyərlərimizin, eləcə də müqəddəs sayılan ailə dəyərlərinin qorunub saxlanmasında qadınlarımızın böyük əməyi var. Azərbaycan qadınlarının cəmiyyətimizdəki rolunu yüksək qiymətləndirirəm və hesab edirəm ki,onlar heç əks cinsin nümayəndələrindən geri qalmır, hətta bəzi sahələrdə onları üstələyirlər. Bütün Azərbyacan qadınlarını bayram münasibətilə təbrik edirəm. Onlara tükənməz sevgi, fədakarlıq arzulayıram".
Sabahnfo.som saytının baş redaktoru Atif Sarıxanlı dedi ki, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatındakı rolu danılmazdır: "Cəmiyyətimizdə qadınların rolu getdikcə genişlənir. Bu gün seçkili orqanlarda, dövlət strukturlarında nümunəvi xidmətləri ilə seçilən xanımlarımız çoxdur. Düşünürəm ki, idarəçilikdə, rəhbər vəzifələrdə qadınların sayı artsa daha yaxşı olar. Hesab edirəm ki, onların rəhbər vəzifələrə irəli çəkilməsi cəmiyyətdə saflaşmaya, şəffaflığa və ədalətliliyə təkan verə bilər. O ki qaldı Azərbaycan xanımlarının müsbət və mənfi keyfiyyətləri barədə sualınıza, mən onların yalnız müsbət keyfiyyətlərə malik olduqları qənaətindəyəm. Azərbaycan xanımları mətbəxdən tutmuş, idarəçilik bacarıqları, eləcə də əxlaqlarına görə dünyada seçilirlər. Mən onların mənfi keyfiyyətlərə malik olduqları fikrindən uzağam. Məşhurlardan biri deyib ki, qadınlar müvəffəqiyyətlərini əldə etdikləri zənginliklərlə deyil, ətrafda topladıqları sevgiylə ölçərlər. Yəni qadına sevgi lazımdır. Əgər qadın ona olan sevgini hiss edərsə, onların əks cinsin nümayəndələrilə harmoniyada olmalarına heç nə mane ola bilməz. Sonda xanımları incitməmək ümidilə subyektiv bir fikir bildirmək istəyirəm. Aydınır ki, qadın ailədə də, cəmiyyətdə də söz sahibidir, hüquqlar bərabərdir, ancaq son söz kişinindir. Etiraf emək lazımdır ki, qapını döyəndə birinci evin kişisini soruşurlar. Xanımları bayramları münasibətilə səmimi qəlbdən təbrik edirəm".
"Palitra" qəzetinin əməkdaşı Fuad Hseynzadə "bu bayram günündə xanımların mənfi keyfiyyətlərini deyib onların keyfini pozmaq istəməzdim",- deyə bildirdi: "Amma bütün hallarda özlərinə diqqət üstünlük verməlidrlər. Yəni xanımlarımız öz ailələrinin onlardan nə istədiklərini bilməlidir. Bəzi xanımların Qərb modelinə meyillənməsi sonda onların özlündə təssüf hissi yardacağına əminəm. Nə qədər Qərbə interqsiya olunsa da Azərbaycan xanımı Şərq qadını olaraq milli koloritini özündə saxlayır. Ümumiyyətlə, Azərbaycan xanımına Qərb xanımı olmağı mən yarşadırmıram. Öz ləyaqəti, milli mənliyi, ailəsinə sadiqliyi baxımdan Azərbaycan xanimı dünyaya örnəkdir. Elə məncə Azərbaycan xanımının ən müsbət cəhəti də bundan ibarətdir".

Əli