

Ermənistan silahlı qüvvələri təxribatlara ara vermir.
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətindən verilən birgə məlumata görə, iyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub. Azərbaycan Respublikasının silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb.
Bu cür təxribatlar yeni müharibəyə bir işarədirmi?
Hərbi ekspert Ədalət Verdiyevin qənaətinə görə, son günlər Azərbaycan-Ermənistan sərhəddində düşmən tərəfinin təxribatlarının sayında ciddi artım müşahidə edilir. Təxribatların qarşısı Azərbaycanın qalib ordusu və Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən qətiyyətlə alınır:
“ Kəlbəcərə daxil olmağa cəhd edən erməni silahlı qüvvələri oradan çıxarılıb. Hazırda həmin ərazilərdə istənilən erməni təxribatına cavab verə biləcək qədər canlı qüvvə və texnikamız var. Görünən odur ki, Ermənistanda hələ də hərbi rəhbərlik daxilində yer alan şəxslər arasında məğlubiyyəti qəbul etmək istəməyən, Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanatla tanış olmayan şəxslər var.
Gələcək günlərdə də bu cür addımlara yol verilsə, erməni tərəfi kifayət qədər ağrılı-acılı nəticələrə dözməli olacaq”.
Ekspert müharibə təhlükəsinin olub-olmamasından da danışıb:
“Hazırda erməni tərəfinin müharibəyə başlamaq üçün imkan və potensialı kifayət qədər məhduddur. Müharibə başlayacağını ehtimal etmirəm. Lakin bundan sonra təxribatların olması da istisna deyil. Yenidən təxribatlar baş versə, qarşısı qətiyyətlə alınacaq”.