Sevgisi yarımçıq qalan, “Daşaltı” əməliyyatında şəhid olan Əbdülhəsən Hadisə

Sevgisi yarımçıq qalan, “Daşaltı” əməliyyatında şəhid olan Əbdülhəsən

Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əsgərlərimizdən biri də Əbdülhəsən Həsənzadə Mirzə oğludur.
O, 1997-ci ilin avqust ayının 20-də Lənkəran rayonunun Havzava kəndində anadan olub. 2016-cı ildə həqiqi hərbi xidmətə yola yola düşüb və aprel döyüşlərində kəşfiyatçı kimi iştirak edərək qəhrəmanlıq göstərib. Hərbi xidməti bitirəndən sonra Mədrəsəyə daxil olub və fərqlənmə ilə bitirib.
Şəhidin doğmalarının verdikləri məlumata görə, Əbdülhəsən sentyabrın 27-dən müharibədə iştirak edib:
“Bir çox istiqamətlərdə gedən döyüşlərdə olub və onlarla yaralı və şəhid yoldaşlarını döyüş meydanından çıxardıb. Orada olan zaman evə çox az zəng vurardı. Deyirdi çox vaxt olmur, tez-tez hücuma keçirik, narahat olmayın çox az qalıb, qələbə ilə qayıdacağam inşallah. Lakin müharibənin 40-cı günü, noyabr ayının 4-də Şuşanın azad edilməsi uğrunda gedən “Daşaltı” əməliyyatında yanına minaatanın mərmisi düşüb və şəhid olub. Sonuncu dəfə noyabrın 1-i zəng vurmuşdu. Dedi, narahat olmayın hər şey yaxşıdır.
Ailədə 3 uşağıydılar, atası çox əziyyətlə böyütmüşdü onları. Onunla bağlı çox arzumuz var idi. Sevdiyi qız varıydı, qayıdandan sonra toy edəcəkdik. Bütün arzularımız puç oldu. Amma biz Əbdülhəsənlə fəxr edirik, o həmişə atasının başını uca tutub".

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü