13 nəfərlik erməni terrorçu dəstənin məhkəmə prosesi iyulun 6-da davam etdiriləcək - FOTO/ƏLAVƏ OLUNUB Hadisə

13 nəfərlik erməni terrorçu dəstənin məhkəmə prosesi iyulun 6-da davam etdiriləcək - FOTO/ƏLAVƏ OLUNUB

Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsin hakimi Eldar İsmayılov sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Prosesdə ifadə verən dəstə üzvü Jora Manukyan bildirib ki, Arsen Kazaryan onlara xüsusi tapşırıq verməklə Hadrut meşəsində yerləşdirib: "Bizə əvvəlcədən əmr verilmişdi ki, dayandığımız yerdən müşahidə edək, Azərbaycanlı əsgər gördüyümüz təqdirdə Kazaryana dərhal məlumat verək. Kazaryan bildirmişdi ki, Azərbaycan əsgərləri barədə özləri tədbir görəcək. Hər posta 10 nəfər yerləşdirmişdilər ki, müşahidə edək. Arsen Kazaryan demişdi ki, həmin ərazilər Ermənistana məxsusdur. Bakıya gələndə bizə dedilər ki, ora Azərbaycandır".

Digər təqsirləndirilən Tosunyan Levan Aşotoviç deyib ki, müharibə başlayanda ona çağırış vərəqəsi gəlib: "Oktyabrın 3-də Cəbrayıla yola düşdük. 13-14 gün orada növbə çəkdik, sonra geri çəkildik. Qayıdandan sonra mən müharibəyə getməkdən imtina etdim, xidmətdən boyun qaçırdım. Noyabrın 10-da müharibə başa çatandan sonra hərbi hissəyə gəldim. Bizə dedilər ki, lazım olanda çağıracağıq. Noyabrın 26-da xəbər gəldi ki, cəbhədə növbə çəkmək lazımdır. Bizi gecə ilə apardılar bir şəhərə. Oranın hara olduğunu bilmədim. Səhər açılanda isə oranın Laçın olduğunu bildim".

Proses günün ikinci yarısında davam edib.

Fasilədən sonra ifadə verən dəstənin digər üzvü Arutyunyan Varazdat bildirib ki, hərbi hissədə silahlandırılaraq Xocavənd rayonuna gətiriliblər. Dəstə üzvləri hansı əraziyə gətirilməsindən xəbərsiz olub.

Təqsirləndirilən Qriqor Kureqyan əməllərindən peşman olduğunu deyib. O bildirib ki, erməni silahlı dəstəsinin tərkibində Azərbaycan ərazisinə keçdiyi üçün peşmandır.

İttiham aktı üzrə təqsirləndirilən şəxslərin dindirilməsi başa çatdıqdan sonra şahid ifadələri dinlənilib.
Şahidlər bildirib ki, erməni diversiya qrupunun hücuma hazırlaşması barədə məlumat daxil olub: "Dekabrın 12-də gecə saatlarında məlumat daxil oldu ki, erməni diversiya qrupu Xocalının Laçınla sərhəd kəndində yerləşdirilib. Məlumat aldıq ki, 60 nəfərlik dəstə özlərinə mövqe tutub və bizə silahlı hücum etmək istəyirlər. Biz gecə saatlarında əməliyyata başladıq və onların başçılarını ələ keçirdik. Ondan sonra təklif etdik ki, silahlarını təhvil verib təslim olsunlar. Bildirdik ki, əgər təslim olmasalar, hamısını məhv edəcəyik. Onlar öz aralarında danışıb razılığa gəldilər ki, təslim olsunlar. Danışıqlardan sonra təslim oldular".

Proses iyulun 6-da davam etdiriləcək.

Qeyd edək ki, rəsmi məlumata əsasən Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər. Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.