“Vindzor Kral Atçılıq Şousu” başa çatıb - FOTO / VİDEO Hadisə

“Vindzor Kral Atçılıq Şousu” başa çatıb - FOTO / VİDEO

Böyük Britaniyanın paytaxtı Londonda iyulun 1-4-də keçirilən ənənəvi "Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu” başa çatıb.

APA-nın məlumatına görə, II Elizabetin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə "Xarı-Bülbül” adlı xüsusi şou-kompozisiya hər gün təqdim olunub.

Vətən Müharibəsində əldə olunmuş möhtəşəm Zəfərə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nümayiş etdirdikləri igidlik və cəsurluq hərəkətləri, Azərbaycan milli geyimində arenaya çıxan “Sərhədçi” rəqs ansamblının möhtəşəm çıxışları, süvarilərimizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanıb, izləyicilərin qəlbində Qarabağ atlarının coşqusunu alovlandırıb.

Məşhur “Xudayar təsnifi”nin, Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin müsiqisinin sədaları altında təmsilçilərimizin bənzərsiz çıxışları Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekranlarda nümayiş etdirilən füsunkar görüntüləri ilə müşayiət olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrəmanlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə olunub.

“Xarı-Bülbül” şou kompozisiyasını xüsusi maraqla izləmiş Birləşmiş Krallığın Kraliçası II Elizabet nümayəndə heyətimizlə görüşmüş, xatirə fotoşəkili çəkdirmiş, Azərbaycan təmsilçilərinin çıxışını möhtəşəm adlandırmış, bu çıxışlardan hər zaman məmnun qalmasını bildirərək Azərbaycan nümayəndələrinin gələcək atçılıq tədbirlərinə də qatılacaqlarına ümidvar olduğunu vurğulayıb.

Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfərin carçısı kimi mədəniyyət paytaxtımız Şuşadan birbaşa Londona gələrək Azərbaycanın qədimliyini, özünəməxsus gözəlliyini və Qarabağın əsarətdən azad olmasını tərənnüm edən Qarabağ atlarının Böyük Britaniya atçılığının ən mötəbər tədbirinin əsas hissəsi kimi təqdim edilməsi izləyicilər tərəfindən böyük heyranlıqla qarşılanıb.

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası üzrə milli at cinslərimizin dünyada daha da məşhurlaşdırılması istiqamətində həyata keçirilən böyük miqyaslı, ardıcıl və məqsədyönlü tədbirlərin davamı olub, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verib.