İyulun 10-da SABAH qruplarına tələbə seçimi üçün test imtahanı keçiriləcək Hadisə

İyulun 10-da SABAH qruplarına tələbə seçimi üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 10-da SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) keçiriləcək.

DİM-dən verilən xəbərə görə, imtahan saat 10:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İmtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 11 imtahan binası, 124 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 11 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 11 bina nümayəndəsi ayrılıb.

İmtahanda 1689 tələbənin iştirakı nəzərdə tutulur.