Rusiya infrastrukturuna zərbələr: Moskvanın mövqeləri zəifləyəcək? Gündəm

Rusiya infrastrukturuna zərbələr: Moskvanın mövqeləri zəifləyəcək?

Ukrayna son günlər Krım, Kerç boğazı və Rusiyanın yanacaq-logistika infrastrukturuna zərbələri artırıb. Məqsəd isə Rusiyanın işğal etdiyi ərazilərin saxlanma xərclərini yüksəltməkdir. Bu hücumlar Rusiyanın bəzi bölgələrində yanacaq qıtlığı riskini gündəmə gətirib.
Bəs bu zərbələr Rusiyanın işğal olunmuş ərazilərdəki mövqelərini zəiflədəcək?
“Xalq Cəbhəsi” sual ətrafında siyasi ekspertlərin fikirlərini öyrənib.
Siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, müharibə təcrübələrinin təhlili göstərir ki, müharibənin taleyini həll edən başlıca amillər sadəcə dövlətlərin hərbi gücü və döyüş qabiliyyəti, cəbhədəki irəliləmələri deyil, eyni zamanda, strateji məntəqələr və infrastruktur üzərində təsir imkanları ilə ölçülür: “Məsələn, İran ABŞ və İsrailə qarşı müharibənin taleyini mühüm ölçüdə Hörmüz boğazında təsir gücü ilə həll etdi və ABŞ-dən ciddi güzəştlər əldə etməyə nail oldu. Lakin eyni şeyi Kerç boğazı haqda söyləmək mümkün deyil. Çünki bu boğaz beynəlxalq əhəmiyyətli deyil, daha çox regional və ya Rusiya və Ukrayna üçün milli əhəmiyyətlidir”.
“Bu məntəqənin vurulması müharibənin taleyini həll etmir”
O qeyd edib ki, xüsusilə 2014-cü ildə Krımı işğal edən Rusiya üçün bu keçid yarımada ilə əlaqənin təmin olunması baxımından strateji əhəmiyyət qazandı: “2019-cu ilin sonunda bu boğazda fəaliyyətə açılan Krım (Kerç) körpüsü də eyni dərəcədə strateji-logistik əhəmiyyətə malikdir. Lakin alternativi olmayan marşrut deyil. 2019-dan öncə Rusiya yarımada ilə əlaqələri necə təmin edirdisə (su yolu ilə) indi də bu alternativ mövcuddur. Həmçinin Krım körpüsü Ukrayna ilə 2022-ci ildə müharibə aktivləşəndən indiyədək bir neçə dəfə partladılıb. Hər birində müvəqqəti keçid imkanları dərhal, tam bərpa isə bir neçə aya həyata keçirilib. Bununla yanaşı Rusiyanın Donbasda ərazi işğalları ona Krımla yeni quru yolu yaratmağa imkan verib. Başqa sözlə, bu strateji məntəqənin vurulması müharibənin taleyini həll etmək üçün yetərli deyil. Neft emalı müəssisələrinin vurulması haqda da hazırkı mərhələ üçün eyni fikirləri söyləmək olar”.
“Həlledici amil qlobal güclərin razılaşmasıdır”
Ş.Cəlilzadə əlavə edib ki, düzdür ki, Ukrayna indiyə kimi Rusiyanın 33 ən böyük neft emalı müəssisəsindən 20-dək müəssisəni vurub: “Bu, təbii ki, Rusiyada müəyyən kəsintilər, təchizat ləngimələri, satış məhdudiyyətləri yaradır. Lakin neft və qaz istehsalına görə dünya ikincisi olan bir ölkədən söhbət gedir. Həmçinin Rusiyanın Ukraynaya da irimiqyaslı cavab zərbələri həyata keçirilir. Odur ki, tərəflərin bir-birinin resursunu tükəndirməyə yönələn bu müharibədə həlledici amil qlobal güclərin razılaşmasıdır. Əgər belə bir razılaşma olmazsa müharibənin Rusiya-NATO arasında birbaşa və açıq qarşıdurma mərhələsinə keçid etmək riski ola bilər və bu riski dəyərləndirən Rusiya xarici işlər naziri Sergey Lavrov nüvə təhdidini səsləndirib”.
“Rusiyanın müharibəni davam etdirmək imkanları məhdudlaşır”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov söyləyib ki, Ukraynanın son zamanlar Rusiya ərazilərinə, xüsusilə də strateji obyektlərə həm Krımda, həm Kerç boğazında geniş miqyasda hücumlarının şahidi oluruq: “Hətta Moskva şəhərində belə hədəflərə hücumların şahidi oluruq. Bunun qısa müddət ərzində müharibənin taleyini həll etməsi real görünmür. Amma Rusiyanın mövqeyinə təsir edəcək. Müharibədə bir var Rusiya arxa cəbhədən tam rahat, əmin şəkildə müharibə aparsın, bir də var arxa cəbhədə mülki, strateji obyektlərin vurulması baş versin. Hər an istənilən bir şəhərə, mülki və ya enerji obyektlərinə hücumların olub-olmayacağı ilə bağlı əminlik olmadığına görə Rusiya ordusunun rahat şəkildə müharibəni davam etdirməsi imkanları məhdudlaşır. Eyni zamanda, enerji resurslarının hədəfə alınması Rusiyanın iqtisadiyyatına birbaşa ciddi zərbə təsiri ortaya qoyur. Bu da Rusiyanın müharibə etmə qabiliyyətinə təsir göstərəcək. Amma müharibənin taleyini həll edəcəyini düşünmürəm. Bu, uzun müddət Ukraynaya bütün istiqamətlərdə dəstək verən Qərb ölkələrinin növbəti taktikasıdır ki, Ukraynaya münasibətdə bu taktikadan istifadə edib Rusiyanın ən azından hücumlarını ləngitmək, hücumlarının kəsərini zəiflətmək məqsədi daşıyır”.
“Rusiya əvvəlki sürətlə əraziləri nəzarəti altına götürə bilmir”
X.Bəşirovun sözlərinə görə, hazırkı mərhələdə şahid oluruq ki, bu, Rusiyanın indiki hücumlarına təsir göstərir: “Rusiya əvvəlki sürətlə əraziləri nəzarəti altına götürə bilmir. Əksinə, bəzi ərazilərdə ya yerində durmaq, ya da geri çəkilmək məcburiyyətində qalır. Təbii ki, indiki imkanları çərçivəsində Ukraynanın işinə bu da yarayır. Amma bu, qeyri-müəyyən müddətə davam edəcək bir proses ola bilməz. Etsə belə heç Ukraynanın da işinə yaramayacaq. Bu baxımdan düşünürəm ki, bu, indiki mərhələdə mümkün qədər Rusiyanı qəbuledilməz şərtlərindən imtina edərək danışıqlara məcbur etmək niyyətidir. Təbii ki, bunu da zaman göstərəcək”.
Bu cür addımların əsas məqsədi…
Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri, beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu söyləyib ki, Ukraynanın son dövrlərdə Kerç boğazı, Krım xətti və Rusiyanın yanacaq–logistika infrastrukturuna yönəlmiş əməliyyatlarını artırması, müharibənin getdikcə daha çox “strateji yıpratma” və politik psixologiya çərçivəsində “psixoloji savaş” boyutunu da içeren çoxqatlı bir struktur qazandığını göstərir: “Bu cür addımların əsas məqsədi sahədəki birbaşa hərbi balansları qısa müddətdə dəyişdirməkdən daha çox qarşı tərəfin logistik imkanlarını çətinləşdirmək, təchizat xətlərini təzyiq altına almaq və nəzarət etdiyi bölgələrdə davamlılığı daha bahalı hala gətirməkdir. Xüsusilə enerji infrastrukturu və nəqliyyat dəhlizlərinin hədəf alınması, müasir müharibələrdə iqtisadi və əməliyyat dayanıqlığının nə qədər kritik hala gəldiyini ortaya qoyur. Kerç boğazı və Krım körpüsü xətti bu kontekstdə yalnız fiziki bir keçid nöqtəsi deyil, eyni zamanda, Rusiyanın Krım ilə ana quru ərazisi arasındakı logistik bütövlüyünü təmin edən ən kritik arteriyalardan biridir. Bu xəttin funksionallığı, hərbi yüklərin fasiləsiz daşınması və mülki-hərbi keçidlərin nizamlılığı baxımından müəyyənedici xarakter daşıyır. Buna görə də bu cür nöqtələrə yönəlmiş əməliyyatlar, birbaşa “nəzarət dəyişikliyi” yaratmasa belə, logistik axının yavaşlamasına, alternativ marşrutların işə salınmasına və təhlükəsizlik xərclərinin artmasına səbəb olur”.
“Hücumlar daha geniş iqtisadi və əməliyyat təzyiq sahəsi formalaşdırır”
M.G.Özçubukçunun sözlərinə görə, yanacaq infrastrukturuna yönəlmiş hücumlar isə daha geniş iqtisadi və əməliyyat təzyiq sahəsi formalaşdırır: “Neft emalı zavodları, saxlama obyektləri və paylama mərkəzləri müasir müharibələrdə yalnız hərbi deyil, eyni zamanda daxili iqtisadi sabitliyin də əsas elementləridir. Bu cür obyektlərə yönəlmiş təzyiqlər, xüsusilə regional səviyyədə yanacaq təchizat zəncirində pozuntulara və zaman-zaman müvəqqəti qıtlıq təsəvvürünün yaranmasına səbəb ola bilir. Lakin Rusiya kimi geniş istehsal gücünə və yüksək ehtiyat toplama imkanlarına malik ölkələrdə bu təsirlər adətən sistematik bir çöküşdən daha çox müvəqqəti və regional səviyyədə hiss olunur. Bu inkişafları Qara dəniz təhlükəsizlik memarlığı baxımından qiymətləndirdikdə isə daha geniş geosiyasi mənzərə ortaya çıxır. Qara dəniz həm enerji koridorları, həm də hərbi hərəkətlilik baxımından artıq yüksək həssaslığa malik bir bölgədir. Ukraynanın liman infrastrukturu, Rusiyanın Krımdakı hərbi mövcudluğu və Türkiyənin balanslaşdırıcı dəniz təhlükəsizliyi rolu bu hövzədə çoxqatlı bir təhlükəsizlik strukturu formalaşdırır. Buna görə Kerç boğazı ətrafındakı hər cür gərginlik yalnız lokal deyil, bütün Qara dəniz sistemini təsir edən zəncirvari nəticələr doğura bilər”.
“Qara dənizdə sabitliyin pozulması qlobal miqyasda da təsirlər yarada bilər”
Mütəxəssis qeyd edib ki, xüsusilə taxıl dəhlizləri, enerji nəqli xətləri və dəniz ticarət marşrutları nəzərə alındıqda, Qara dənizdə sabitliyin pozulması qlobal miqyasda da təsirlər yarada bilər: “Sığorta xərclərinin artması, ticari gəmi hərəkətində risk qavrayışının yüksəlməsi və liman əməliyyatlarında yaşanan qeyri-müəyyənliklər bölgənin iqtisadi işləmə mexanizmini birbaşa təsir edir. Bu vəziyyət Qara dənizi yalnız hərbi deyil, eyni zamanda, iqtisadi təhlükəsizlik baxımından da kritik bir sahəyə çevirir. Bu çərçivədə məsələnin özünə qayıtsaq, Kerç boğazı və enerji infrastrukturuna yönəlmiş bu əməliyyatlar Rusiyanın nəzarət etdiyi bölgələrdəki mövqeyini zəiflətmək üçün təkbaşına kifayətdirmi? sualına cavab verəcək olsaq, bu cür əməliyyatların birbaşa və sürətli strateji qırılma yaratmaqdan daha çox, uzunmüddətli bir təzyiq və xərc artırma mexanizmi olduğu görünür. Müasir iri dövlət strukturları, xüsusilə enerji və logistik infrastrukturu güclü olan ölkələr, bu cür şokları müəyyən qədər absorbe edə biləcək imkanlara malikdir. Alternativ logistik xətlər, daxili istehsalın yenidən yönləndirilməsi və ehtiyat idarəetməsi sayəsində qısa müddətli pozuntular adətən nəzarət altında saxlanılır”.
“Bu, müharibənin daha mürəkkəb struktura keçdiyini göstərir”
O əlavə edib ki, lakin orta və uzun müddətdə bu əməliyyatların təsiri daha aydın şəkildə görünə bilər: “Davamlı olaraq hədəf alınan logistik və enerji infrastrukturu həm xərcləri artırır, həm də əməliyyat çevikliyini məhdudlaşdırır. Təhlükəsizlik tədbirlərinin intensivləşməsi, alternativ marşrut ehtiyacının artması və resursların yenidən bölüşdürülməsi müharibə iqtisadiyyatı üzərində əlavə təzyiq yaradır. Bu da dolayı yolla davamlılıq potensialını təsir edə bilər. Nəticə olaraq Kerç boğazı, Krım xətti və Qara dəniz ətrafındakı logistik-enerji infrastrukturuna yönəlmiş bu inkişaflar, müharibənin xarakterinin klassik cəbhə müharibəsindən çıxaraq daha mürəkkəb, çoxqatlı və iqtisadi dərinliyi olan bir struktura keçdiyini göstərir. Müəyyənedici amil isə bu təzyiqin davamlılığı və qarşı tərəfin buna verəcəyi logistik və strateji adaptasiyanın sürətidir. Qara dəniz ekseni bu mənada yalnız bir qarşıdurma sahəsi deyil, eyni zamanda, Avropa-Avrasiya təhlükəsizlik memarlığının ən kritik tarazlıq nöqtələrindən biri olaraq qalmağa davam edir”.

Röya İsrafilova