
XXI əsrin ikinci rübündə beynəlxalq sistemin ən mühüm transformasiya xətti ABŞ və Çin arasında dərinləşən geosiyasi və geoiqtisadi rəqabətdir. Bu rəqabət artıq klassik ticarət müharibəsi çərçivəsindən çıxaraq texnologiya, maliyyə, təchizat zəncirləri və beynəlxalq standartlar uğrunda sistem xarakterli qarşıdurmaya çevrilmişdir. Nəticədə dünya iqtisadiyyatı tədricən daha parçalanmış və bloklaşmış bir struktura çevrilməkdədir.
Bu prosesin mərkəzində dayanan əsas amil texnoloji üstünlük uğrunda mübarizədir. Çin uzunmüddətli inkişaf strategiyası çərçivəsində yüksək texnologiyalı sənaye modelinə keçidi hədəfləyərək yarıkeçiricilər, süni intellekt, robototexnika və yeni nəsil sənaye texnologiyalarında qlobal liderliyə can atır. ABŞ isə öz növbəsində bu yüksəlişi strateji risk kimi qiymətləndirərək kritik texnologiyalarda Çinin inkişaf imkanlarını məhdudlaşdırmağa yönəlmiş siyasət həyata keçirir. Xüsusilə yarıkeçirici sənayesi və süni intellekt infrastrukturu ətrafında sərt nəzarət mexanizmləri yaradır.
Son illərdə ABŞ tərəfindən tətbiq edilən ixrac nəzarətləri, xüsusilə yüksək performanslı çiplər və istehsal avadanlıqları üzrə məhdudiyyətlər, qlobal texnologiya zəncirini ciddi şəkildə dəyişdirmişdir. Buna baxmayaraq Çin iqtisadi sistemi tam bloklanmaq əvəzinə alternativ adaptasiya strategiyaları inkişaf etdirmiş, yerli istehsalın artırılması və texnoloji özünütəminetmə siyasətini sürətləndirmişdir. Çin yarıkeçirici sənayesinin əsas oyunçularından olan SMIC şirkəti də müəyyən texnoloji boşluqları doldurmağa çalışaraq qlobal sanksiya sisteminə baxmayaraq istehsal səviyyəsini yüksəltməyə davam edir.
Eyni zamanda ABŞ-ın texnoloji üstünlüyünü qoruyan əsas şirkətlərdən biri olan Nvidia qlobal süni intellekt ekosistemində kritik rol oynayır. Süni İntellekt modellərinin inkişafı üçün tələb olunan hesablama gücü məhz bu tip şirkətlərin istehsal etdiyi çiplər üzərində formalaşır. Lakin son illərdə Çin üçün xüsusi uyğunlaşdırılmış məhsulların bazara çıxarılması göstərir ki, texnoloji müharibə tam ayrılma deyil, daha çox idarə olunan rəqabət və məhdud əməkdaşlıq modeli şəklində davam edir.
ABŞ və Çin arasında olan bu rəqabət beynəlxalq təchizat zəncirlərinin parçalanmasına səbəb olmuşdur. “Decoupling” və ya “de-risking” siyasətləri nəticəsində istehsal şirkətləri Çin mərkəzli sistemdən tədricən çıxaraq Vyetnam, Hindistan və Meksika kimi alternativ istehsal mərkəzlərinə yönəlir. Bu isə “China+1” strategiyasını qlobal biznes modelinə çevirərək istehsalın coğrafiyasını yenidən formalaşdırır. Yekunda qlobal iqtisadi sistem daha çox xərc tələb edən, lakin siyasi baxımdan daha təhlükəsiz sayılan paralel zəncirlər üzərində qurulmağa başlayır.
Bu prosesin daha geniş iqtisadi nəticələri də mövcuddur. Beynəlxalq Valyuta Fondu kimi qurumların qiymətləndirmələrinə baxsaq görərik ki, beynəlxalq iqtisadi parçalanma uzunmüddətli perspektivdə dünya ÜDM-nin müəyyən hissəsinin itirilməsi ilə nəticələnə bilər. Eyni zamanda texnoloji standartların ikiyə bölünməsi innovasiya prosesini zəiflətməklə yanaşı, qlobal bazarlarda əlavə xərclər və qeyri-müəyyənlik yaradır.
Geoiqtisadi gərginliyin digər mühüm komponenti isə kritik resurslar üzərində nəzarət məsələsidir. Çin nadir torpaq elementləri, gallium və germanium kimi strateji mineralların istehsalında dominant mövqeyə sahibdir. Bu üstünlük beynəlxalq sənaye zəncirlərində ABŞ və onun müttəfiqləri üçün əlavə risklər formalaşdırır və qarşılıqlı sanksiya mexanizmlərini gücləndirir.
Regional müstəvidə isə Tayvan məsələsi ABŞ–Çin rəqabətinin ən həssas və strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri olaraq qalmaqdadır. Dünyada ən qabaqcıl yarıkeçiricilərin istehsalında aparıcı mövqeyə malik olan TSMC şirkətinin fəaliyyətinin məhz Tayvanda cəmləşməsi bu ərazini beynəlxalq texnoloji ekosistemin kritik mərkəzinə çevirib. Tayvan boğazında baş verə biləcək hər hansı geosiyasi gərginlik və ya hərbi eskalasiya təkcə regional təhlükəsizliyə deyil, həm də beynəlxalq təchizat zəncirlərinə, yüksək texnologiyalar sənayesinə və dünya iqtisadiyyatının sabitliyinə ciddi təsir göstərəcək.
Dünya iqtisadiyyatı tədricən iki paralel texnoloji və iqtisadi blok üzrə formalaşa bilər. ABŞ mərkəzli və Çin mərkəzli sistemlər arasında standartların, platformaların və ticarət qaydalarının fərqlənməsi qlobal inteqrasiyanı zəiflədə bilər. Bununla belə, tam ayrılma real görünmür, çünki hər iki tərəf müəyyən səviyyədə qarşılıqlı asılılığı qorumağa məcburdur.
ABŞ–Çin texnoloji və geoiqtisadi rəqabəti beynəlxalq iqtisadi sistemin yeni strukturunu müəyyən edən əsas faktor kimi çıxış edir. Bu proses qısa müddətdə qeyri-müəyyənlik və xərcləri artırsa da, uzun müddətdə dünya iqtisadiyyatını daha çox bloklaşmış, lakin eyni zamanda texnoloji baxımdan daha rəqabətli bir sistemə doğru aparır.
Əli Səlimov