“Parlamentlərarası əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır” Gündəm

“Parlamentlərarası əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır”

Arzu Nağıyev: “Azərbaycan və İranın regional nəqliyyat imkanları əməkdaşlıq üçün geniş perspektivlər yaradır”

“İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Bakıya səfəri Azərbaycan-İran münasibətlərinin son illərdə formalaşan mürəkkəb, lakin normallaşma istiqamətində inkişaf edən mərhələsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qalibafın Bakıya səfəri parlament diplomatiyasının və siyasi dialoqun davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Bu səfər yalnız siyasi jest kimi deyil, iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi baxımından dəyərləndirilməlidir. Əsas məsələ dialoqun fasiləsiz saxlanılması, parlamentlərarası münasibətlərin gücləndirilməsi, nəqliyyat-logistika layihələri və regional əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Azərbaycan və İran arasında hökumətlərarası əlaqələr, müxtəlif komissiyaların fəaliyyəti və rəhbərlik səviyyəsində təmaslar davam edir. Azərbaycan qonşuluq siyasətinə xüsusi önəm verir. Son illərdə tərəflər arasında müəyyən gərginliklər yaşansa da, həm Azərbaycan, həm də İran anlayır ki, əməkdaşlığın davam etdirilməsi və regional reallıqların nəzərə alınması vacibdir”.
Komitə sədri qeyd edib ki, parlamentlərarası əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır: “Qanunvericilik sahəsində əməkdaşlıq, iqtisadi sazişlərin, nəqliyyat layihələrinin və təhlükəsizlik istiqamətində mexanizmlərin hüquqi əsaslarının möhkəmləndirilməsi vacibdir. Bu baxımdan parlament diplomatiyası mühüm vasitədir. Azərbaycan və İranın regional nəqliyyat imkanları əməkdaşlıq üçün geniş perspektivlər yaradır. Azərbaycan Qafqaz və Xəzər regionunda mühüm tranzit mərkəzidir. İranın isə Fars körfəzi və Hind okeanına çıxış imkanları var. Bu imkanların birləşdirilməsi regional iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verə bilər”.
A.Nağıyev əlavə edib ki, qarşıdakı dövrdə çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsi və regional məsələlərin koordinasiyalı şəkildə həlli istiqamətində addımlar davam etdirilməlidir.

Günel Elxan