Qənirə Paşayeva Antalya qəzetiçilər cəmiyyətinin fəxri üzvü seçilib Hadisə

Qənirə Paşayeva Antalya qəzetiçilər cəmiyyətinin fəxri üzvü seçilib

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Antalya qəzetiçilər cəmiyyətini ziyarət edib. Görüşdə Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Çingiz Qədimli, təşkilatın fəalları, Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər.
Q.Paşayeva öncə Qəzetəçilər Cəmiyyətinin mətbuat muzeyini ziyarət edib. Görüşdə AGC Başkanı Mevlüt Yeni millət vəkilinin fəaliyyətini yaxından izlədiyini, yüksək dəyərləndirdiyini bildirib, rəhbərlik etdiyi qurumun bir çox ölkələrin media qurumları ilə əlaqələr qurduğunu və Azərbaycanın da müvafiq media qurumları ilə əməkdaşlıq etmək niyyətində olduğunu deyib.
Q.Paşayeva jurnalist kimi uzun müddət çalışdığını qeyd edərək, mətbuat və medianın dövlət qurumlarının, habelə parlament üzvlərinin səsinin topluma duyurulmasında önəmli bir yer tutduğunu bildirib.
Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər.
Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.
Millət vəkili Qənirə Paşayeva Antalya qəzetiçilər cəmiyyətinin fəxri üzvü seçilib və Türkiyədən kənarda buna layiq görülən ilk insan olub.