“Bir avtomobil nömrəsinə külli miqdarda pul ödəyənlər var”-Fazil Mustafa Hadisə

“Bir avtomobil nömrəsinə külli miqdarda pul ödəyənlər var”-Fazil Mustafa

“Bizim vətəndaşlarımız şöhrətpərəstdir. Hər kəsin bir pulsuz avtomobil qeydiyyat nişanı almaq imkanı var. Nömrə şöhrətpərəstliyi nə deməkdir? Bir avtomobil nömrəsinə külli miqdarda pul ödəyənlər var. Bu, xəstəlikdir, bunu edənlər də xəstədirlər. Şöhrətpərəstlik niyə biznesə çevrilməsin? Hər sahədə belədir, müştəri özünü yekəxana aparanda, düşünürlər ki, elə onu soymaq lazımdır”. Xaqlcəbhəsi.az xəbər verir ki, bu fikirləri Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa öz facebook profilində qeyd edib. O, əlavə edib ki, xüsusi nömrələr üçün ödənilən məbləğ dövlət büdcəsinə deyil, başqa-başqa adamların cibinə gedirsə, bunu araşdırmaq lazımdır: “Amma biz həm də nömrə üçün külli miqdarda pul ödəyən vətəndaşlarımızı islah etməliyik. Bu, artıq şeydir, görməmişlikdir. Bu, cəmiyyətin problemidir. Mədəni səviyyə aşağı olanda, insanlar belə şeylərlə özlərini göstərməyə çalışanda, prosesi tənzimləmək olmur. Bahalı nömrə satışından əldə olunan pullar dövlətə getsə belə, korrupsiya olacaq. Bakı Nəqliyyat Agentliyinin əldə etdiyi məbləğ dövlətə keçir, guya bu, vətəndaşın xeyrinədir? Bu qurum hər gün minlərlə mənasız cərimə yazır, bu, oğurluq deyil ki?! Məbləğin hara getməsindən asılı olmayaraq, o pul vətəndaşdan çıxırsa, vətəndaş yoxsullaşmır?”.