Müharibədə iştirak etmiş 30 mindən çox şəxsə sosial xidmət göstərilib - Nazir Hadisə

Müharibədə iştirak etmiş 30 mindən çox şəxsə sosial xidmət göstərilib - Nazir

Bugünə qədər müharibədə iştirak etmiş 30 mindən çox insana dövlət qurumları tərəfindən 37 mindən çox xidmət göstərilib

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Sosial Sahibkarlıq Forumunda çıxışı zaman deyib.

S.Babayev bildirib ki, Azərbaycan dövlətinin ən böyük diqqət və qayğısı məhz Vətən müharibəsi şəhidlərinin ailələrinə, müharibə əlillərinə yönəlib və bu proqramlar silsilə şəklində davam edəcək:

“Artıq cənab Prezidentin müvafiq fərman və sərəncamları ilə yanvarın 1-dən şəhid ailələrinə, müharibə əlillərinə və bu kateqoriyadan olan digər insanlara verilən təqaüdlər iki dəfə artırıldı. Onlara verilən evlərin və mənzillərin sayı artrıldı və bu il üç min evin və mənzilin bu kateqoriyadan olan insanlara təqdim edilməsi planlaşdırılır”.

Nazir əlavə edib ki, bu kateqoriyadan olan beş mindən çox insan özünüməşğulluq proqramlarına cəlb edilib: “Onlar reabilitasiya mərkəzlərinə cəlb edildilər, bu insanlar üçün ən müasir 4-cü nəsil elektron protezlər təchiz edilib və bu günə qədər 183 amputasiyası olan insandan 141-i artıq bu müasir elektron protezlərlə təmin olunub. “AzərSığorta” Dövlət Sığorta Şirkəti tərəfindən müvafiq ödənişlər həyata keçirilib və YAŞAT Fondu tərəfindən silsilə dəstək tədbirləri həyata keçirilib. Qarşıdakı dövrdə də bu tədbirlər ardıcıl şəkildə icra olunacaq”.