Sürüşmə sahələrində son vəziyyət açıqlanıb Hadisə

Sürüşmə sahələrində son vəziyyət açıqlanıb

“Abşeron yarımadasında 7 sürüşmə sahəsində monitorinqlərimiz davamlıdır”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. O bildirib ki, bunlar - Badamdar, Zığ-1, Qaraçuxur sahələri, Zəli gölü, Nübar massivi, Günəşli yaylası və Ələt-Astara yolunun 10-cu kilometridir: “İntensiv yağışlardan sonra Badamdar, Ələt-Astara, Qaraçuxur sahəsində heç bir ciddi aktivləşmə yoxdur. Badamdar sahəsində təmir -bərkitmə, bərpa işləri davam edir. Zəli gölü, Nübar sahəsi və qismən Günəşli yaylasında zəif aktivlik müşahidə olunmaqdadır. Bura aktiv sürüşmə zonasıdır, yağıntıların təsiri var, ancaq ciddi dəyişiklik müşahidə edilmir.

Sürüşmənin baş verməsinin texnogen, geoloji və mövsümi xarakterli təsirləri var. İntensiv və böyükhəcmli yağıntının düşməsi sürüşmə prosesində aktivlik yarada bilər. Ancaq ötən həftə baş verən yağıntılardan sonra ciddi dəyişiklik müşahidə olunmur”.

Xidmət rəisi qeyd edib ki, bölgələrdə də monitorinqlər aparılır: “Ötən həftə bütün Azərbaycan ərazisində intensiv yağış yağmasına baxmayaraq, sürüşmə ərazilərində hələlik ciddi siqnal yoxdur. Lokal aktivləşmələr var, bunlar da o qədər ciddi xarakter daşımır. Yeni sürüşmə zonası müşahidə edilməyib”.

Ə. Əliyevin sözlərinə görə, Azərbaycan ərazisində 99 sürüşmə və sürüşməyə meyilli sahələr var və bunlardan 42-si daha ciddi və intensiv monitorinq proseslərinə cəlb olunub: “Mövcud sürüşmələrdə ciddi aktivlik müşahidə edilmir. Amma mövsümi xarakterli intensiv yağışların artması ilə hardasa aktivlik müşahidə oluna bilər. Hələlik, bizi narahat edəcək ciddi məqam görmürük”.