Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib Hadisə

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib. Xalqcəbhəsi.az xəbər verir ki, iclası açan komitə sədri Sadiq Qurbanov gündəliyi təqdim edib. Bildirib ki, bugünkü iclasın müzakirəsinə ikinci oxunuşda olan “Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələri çıxarılıb.
Komitə sədri əvvəlcə “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, layihə dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sadiq Qurbanov dəyişikliklərin aktuallığına, insanların həyat təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətinə diqqət çəkib.
İclasın gündəliyinə çıxarılan İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) isə qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Sənəddə İnzibati Xətalar Məcəlləsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub. Həmçinin qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub.
Qanun layihələrinin müzakirəsində çıxış edən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, komitə üzvləri Məşhur Məmmədov, İltizam Yusifov dəyişikliklərin əhəmiyyətini qeyd ediblər. Deputatlar təklif olunan dəyişikliklərin praktiki tətbiqində vətəndaşların mənafelərinin qorunması, qaz qurğularının keyfiyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı fikirlərini bildiriblər.
Müzakirələrin sonunda qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
Onlayn iclasda deputatlar Naqif Həmzəyev, Anar Məmmədov, Əliabbas Salahzadə, Fatma Yıldırım, Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.