

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə geniş uşaq auditoriyasını əhatə edən nağıl günlərinə start verilib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, nağıl günlərində komitə sədri Bahar Muradova, Komitənin dəvəti və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəstəyi ilə ölkəmizə qonaq gələn Bursa bələdiyyəsinin nümayəndələri, eləcə də nağılçılar iştirak ediblər.
Çıxışın türk dünyasının öz tarixi keçmişimizə bağlı olduğunu vurğulayan komitə sədri Bahar Muradova bu coğrafiyanın öz milli-mənəvi dəyərlərinə uyğun gənc nəsil formalaşdıran, eyni zamanda, müasir dəyərlərə açıq və demokratik cəmiyyət quruculuğunda uğur qazanan türkdilli ölkələrdən ibarət olduğunu qeyd edib. Həmçinin B.Muradova bu gün Azərbaycan-Türkiyə birliyinin həm türk dünyasına, həm də dünya ölkələrinə və xalqlarına bir nümunə olduğunu, son illər ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə çatdığını bildirib.
Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin çıxışı dinlənilib.
Daha sonra Türkiyədən dəvət olunmuş musiqiçilər Taner Baba və Tahir Aynenin müşayiəti ilə nağılçılar Hilal Koçyiğit və Ertuğrul Bozkurt tərəfindən uşaqlar üçün səsləndirilən bir sıra türk nağıllarla, həmçinin azərbaycanlı yazar Solmaz Amanova tərəfindən danışılan hekayələrlə azyaşlılar nağıl dünyasına səyahət ediblər.
Qeyd edək ki, iyunun 23-dək davam edəcək nağıl günlərinin təşkil edilməsində əsas məqsəd uşaqların hər iki ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış olması, onlar arasında mütaliə vərdişlərinin formalaşması, asudə vaxtının səmərəli təşkili və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir.