Akademik Milli Dram Teatrı ölkəmizi Beynəlxalq forumda təmsil edəcək Mədəniyyət

Akademik Milli Dram Teatrı ölkəmizi Beynəlxalq forumda təmsil edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Qazaxıstanda keçiriləcək MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda ölkəmizi təmsil edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 3-dən 9-dək təşkil olunacaq beynəlxalq tədbirdə iştirak Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə həyata keçirilir.

Forumda teatrşünasların, dramaturqların, teatr rəssamlarının iştirakı ilə yanaşı, gənc rejissorların və onların hazırladıqları tamaşaların iştirakı da nəzərdə tutulub.

Bu il forumda Azərbaycanı gənclərdən Cavid Zeynallı, Dağlar Yusif, Abdulla Elşadlı, Sahib Əhmədov, Səbinə Haqverdiyeva, Elmira Üzeyirova və Fərəh Quliyeva təmsil edəcək.

Forumun maarifləndirici proqramında teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, master-klasslar və sərgi təşkil olunacaq.

Eyni zamanda Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının görüşü keçiriləcək. Görüşdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini icra edən, Xalq artisti Hacı İsmayılov iştirak edəcək.

Həmçinin forum çərçivəsində K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında iyunun 7-də Akademik Milli Dram Teatrının “Sənsiz” tamaşası nümayiş olunacaq.

Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır. Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandıracaqlar.