“Türkiyə ədəbiyyatı antologiyası” ictimaiyyətə təqdim olunub Mədəniyyət

“Türkiyə ədəbiyyatı antologiyası” ictimaiyyətə təqdim olunub

Azərbaycan RespublikasıNazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – "Türkiyə ədəbiyyatı antologiyası" (nəsr) kitabının təqdimat mərasimi keçirilib.
Tərcümə Mərkəzindən verilən məlumata görə, Bakıdakı Yunus Əmrə İnstitutunda baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Arca Turganer, Avrasiya Yazarlar Birliyinin sədr müavini, yazıçı Osman Çeviksoy və digər qonaqlar, eləcə də Azərbaycanın tanınmış ziyalıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Tərcümə Mərkəzinin direktoru Afaq Məsud açıb. O, XIX–XXI əsr Türkiyə ədəbiyyatının mənzərəsinin ilk dəfə belə bir akademik formatda təqdim edildiyi, kitabın Türkiyə ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində nəzərdə tutulan növbəti ciddi layihələrin ilki olduğu haqqında söz açıb, hazırda Mərkəzdə "Türkiyə şeiri antologiyası" üzərində də işlərə başlanıldığını qeyd edib.
Türkiyə səfiri Erkan Özoral iki qardaş ölkənin ədəbiyyatlarının tanıdılması və təbliği istiqamətində Mərkəzin gördüyü işləri yüksək qiymətləndirərək, bu fəaliyyətin davamlı şəkildə həyata keçirilməsinə böyük ehtiyac duyulduğunu, Mərkəzin ərsəyə gətirdiyi bu kitabın Türkiyə-Azərbaycan qardaşlığının və doğmalığının önəmli timsalı olduğunu qeyd edib.
Avrasiya Yazarlar Birliyinin sədr müavini Osman Çeviksoy antologiyanın tərtibindən və bədii məziyyətlərindən danışıb. O, kitabın keyfiyyətli tərcüməsi və nəfis tərtibinə görə təmsil etdiyi qurumun rəhbərliyi adından Tərcümə Mərkəzinə təşəkkürünü bildirib və Avrasiya Yazarlar Birliyinin fəxri diplomunu Afaq Məsuda təqdim edib.