
İran viran olur
18 İyun 23:23
İyunun 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Sözün 150 İli” adlı tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, Azərbaycan mətbuatının tanınmış simaları və jurnalistlər iştirak ediblər.
Tədbirin təşkilatçısı və aparıcısı ADMİU-nun mətbuat katibi Şahanə Müşfiq milli mətbuatımızın tarixinə qısa nəzər salaraq qeyd edib ki, 150 il öncə Həsən bəy Zərdabinin qələmindən süzülən ilk sətirlər bu torpaqda azad fikrin, ictimai düşüncənin və mədəni maarifçiliyin təməlini qoydu. “Əkinçi” ilə başlayan bu yol bu gün də davam edir – qələmlə, səslə, səhnə ilə…
ADMİU-nun rektoru Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova çıxış edərək qonaqları salamlayıb, onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycan mətbuatının 150 illik çox şərəfli və tarixi bir yol keçdiyini deyən xanım rektor bu yolda Mədəniyyət və İncəsənət Universitetinin də izi olduğunu vurğulayıb. O, bu gün mətbuatın müxtəlif sahələrində, xüsusən televiziyada ADMİU-nun məzunlarının uğurla fəaliyyət göstərdiyini deyərək universitet rəhbərliyinin, müəllimlərinin onlarla fəxr etdiyini əlavə edib.
Milli Mətbuatımızın 150 illik şərəfli yolunu əks etdirən video-rolik nümayiş olunub.
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid çıxış edərək Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyinin qeyd olunması ilə bağlı cənab Prezident İlham Əliyevin müvafiq sərəncamını xatırladıb və bu sərəncamın dövlətin mətbuata, jurnalistika və onun təmsilçilərinə olan dəyərinin daha bir nümunəsi olduğunu vurğulayıb. Bu sərəncamdan irəli gələrək müxtəlif dövlət qurumlarının Mətbuat günü ilə bağlı silsilə tədbirlər keçirdiyini deyən R.Məcid Mədəniyyət və İncəsənət Universitetinin bu təşəbbüsünü alqışlayıb və mətbuatımızda ADMİU-nun məzunlarının da kifayət qədər təmsil olunduğunu deyərək bayram münasibəti ilə universitet rəhbərliyini də təbrik edib.
Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Əməkdar jurnalist, “Ədəbiyyat və incəsənət” portalının təsisçisi Varis Yolçiyev çıxışında mədəniyyətin, ədəbiyyatın mətbuatdakı əksindən danışıb və bunun əhəmiyyətini xüsusi vurğulayıb.
Mədəniyyət Nazirliyinin Respulika Xatirə Kitabı Redaksiyasının baş redaktoru və "Yada düşdü" jurnalının baş redaktoru və təsisçisi Nəzakət Məmmədova və ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar İncəsənət xadimi, professor Əli Əmirli də çıxışlarında günün məna və önəmindən danışıb, inkişaf etməkdə olan texnologiyaların sayəsində çətin dövrlərini yaşayan çap mediasının əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbirin davamında Mədəniyyət və İncəsənət Universitetinin mətbuatımızda uğurla təmsil olunan məzunlarından danışılıb. Qeyd edilib ki, mətbuatımızın 150 illik ömür yolunda Mədəniyyət və İncəsənət Universitetinin də izləri az deyil. Universitetin məzunları müxtəlif mətbu orqanlarda fəaliyyət göstərir, Azərbaycan jurnalistikasının inkişafına öz töhfələrini verirlər.
Daha sonra ADMİU-nun məzunları- Mədəniyyət Telekanalının direktor müavini Bəhruz Niftəliyev, İdman Telekanalının direktoru Zaur Zeynalov, “moderator.az” saytının baş redaktoru, teatrşünas Xəyalə Rəis, Baku Tv-nin redaktoru Emil Hacıyev çıxış edərək öz tələbəlik illərindən və mətbuatdakı fəaliyyətlərindən danışıblar, 150 illik yubiley ərəfəsində məzun olduqları Universitet tərəfindən belə bir tədbirlə yad edilməyin sevinc və qürurunu bölüşüblər.
Tədbirin bədii hissəsində aktyor sənəti ixtisası üzrə II kurs tələbələri Səma Muğanna və Mehriban Nuriyeva Üzeyir Hacıbəylinin “Ordan-burdan” felyetonundan parçanı ifa ediblər. Eyni zamanda Teatr sənəti fakültəsi Musiqili teatr aktyoru ixtisası üzrə 2-ci kurs E qrupunun tələbələri (Abbaslı Oktay, Xəlilli Məhərrəm, Nuriyeva Mehriban, Həsənova Tamilla, Babayev Sənan, Həbibova Fatma, Sadıqova İlahə, Sadıxlı Ziya) Ü.Hacıbəylinin "O olmasın, bu olsun" operettasından parça təqdim ediblər. Kursun rəhbəri Əməkdar artist Qurban Məsimovdur.
Musiqi sənəti fakültəsinin tələbəsi Fərid Əzizlinin ifaları da gecəyə ayrıca rəng qatıb.
Sonda ADMİU-nun fəaliyyətini hər zaman öz səhifələrində işıqlandıran, daha geniş auditoriyaya təqdim edən bir sıra KİV nümayəndəsinə “Təşəkkürnamə”lər və Ş.Müşfiqin müəllifi olduğu, ADMİU-nun müharibə qəhrəmanlarına həsr olunmuş “Sənətdən cəbhəyə” kitabı təqdim olunub.