
“İran parlamentinin Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsini təsdiqləməsi ilk növbədə, Tehranın Hörmüz boğazı ilə bağlı mövqeyini bir daha və daha qəti şəkildə ortaya qoymasıdır. Tehran bununla faktiki olaraq bütün dünyaya mesaj verir ki, Hörmüz boğazı onun milli təhlükəsizliyinin və geosiyasi maraqlarının ayrılmaz hissəsidir və heç bir xarici dövlət burada öz iradəsini diktə edə bilməz. Bu qərarın təsadüfən qəbul edildiyini düşünmürəm”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı söyləyib.
C.Abbaslının fikirlərinə görə, son dövrlərdə, xüsusilə, Donald Trampın çıxışlarında Hörmüz boğazı ilə bağlı müxtəlif fikirlərin səslənməsi, boğazın nəzarətə götürülməsi məsələsinin gündəmə gətirilməsi İranın reaksiyasını qaçılmaz edirdi: “Tehran bu məsələdə susmaqla özünün strateji mövqeyini zəiflətmək istəmir. Çünki hazırkı İran-ABŞ qarşıdurmasında ən kritik məsələlərdən biri məhz Hörmüz boğazıdır. İran hərbi və siyasi müstəvidə müəyyən üstünlüklər əldə etsə belə, əgər Hörmüz üzərində nəzarəti itirsə, bunu Tehranda ciddi, hətta tarixi məğlubiyyət kimi qəbul edə bilərlər. Ona görə də İran üçün Hörmüz məsələsi sadəcə iqtisadi və ya nəqliyyat məsələsi deyil, milli təhlükəsizlik, suverenlik və geosiyasi nüfuz məsələsidir. Digər tərəfdən, qanun layihəsinin təsdiqlənməsinin daxili auditoriyaya hesablanmış tərəfi də var. Tehran bununla cəmiyyətə və siyasi dairələrə göstərir ki, İran Hörmüz məsələsində geri çəkilmir və bundan sonra da geri çəkilmək niyyətində deyil. Yəni söhbət yalnız ABŞ-yə mesaj verməkdən getmir, həm də ölkə daxilində “Hörmüz bizim qırmızı xəttimizdir” mesajının möhkəmləndirilməsindən gedir”.
O bildirib ki, avqustun 7-də ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçidinin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin nəzərdən keçirildiyinin açıqlanması da bu baxımdan təsadüfi görünmür: “Əksinə, düşünürəm ki, İran tərəfi artıq əvvəlcədən bu istiqamətdə müəyyən hüquqi və siyasi hazırlıq aparırdı. Ən mühüm məqam isə bundan sonrakı mərhələdir. Hesab edirəm ki, hətta hərbi qarşıdurma səngisə belə, Hörmüz məsələsi gündəmdən çıxmayacaq. İran bundan sonra boğazdan keçən gəmilər üzərində daha ciddi nəzarət mexanizmləri yaratmağa, müəyyən ölkələrin gəmilərinə məhdudiyyətlər tətbiq etməyə və keçid üçün müxtəlif hüquqi və maliyyə tələbləri irəli sürməyə çalışa bilər. Yəni Tehran bir növ demək istəyir: “Hörmüz məsələsi artıq müvəqqəti hərbi qarşıdurmanın predmeti deyil. Bu, İranın uzunmüddətli strateji siyasətidir”. Ona görə də bu qanun layihəsini mən İranın Hörmüz boğazı ilə bağlı mövqeyinə birdəfəlik nöqtə qoymaq cəhdi kimi qiymətləndirirəm. Tehran bütün dünyaya açıq mesaj verir ki, Hörmüzdən vaz keçmək niyyətində deyil və bu strateji su yolunda öz maraqlarını qorumaq üçün siyasi, hüquqi və lazım gəldikdə hərbi imkanlarından istifadə etməyə hazırdır”.
Röya İsrafilova