“Rusiyanın nüvə silahından istifadə etməsi çox da real görünmür” Gündəm

“Rusiyanın nüvə silahından istifadə etməsi çox da real görünmür”

Ukrayna ordusu Tatarıstanın Nijnekamsk şəhərindəki neft emalı zavoduna PUA zərbələri endirib. Hücum nəticəsində 10 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir. Tatarıstanda matəm elan edilib.

Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, bu hücumlar birinci dəfə deyil, heç sonuncu da deyil: “Nə qədər ki, tərəflər arasında müharibə davam edir biz bu cür PUA hücumlarını görə bilərik. Qarşılıqlı şəkildə Rusiyadan Ukraynaya, Ukraynadan Rusiyaya bu cür addımlar atıla bilər. Ukrayna onsuz da Rusiyanın ən strateji nöqtələrini belə PUA hücumları ilə hədəfə alıb. Rusiya da Ukraynada kifayət qədər dağıntılara səbəb ola biləcək addımlar atıb. Yəni Kiyevi, Lvovu və digər müharibə olmayan əraziləri belə Rusiya raket zərbələri ilə vurub. Ancaq hesab edirəm ki, bu, müharibənin dayanmasına şərait yaratmayacaq. Rusiyanın o dərəcədə dərin aqressiyasına da səbəb olmayacaq. Çünki görünən odur ki, Rusiyanın son edə biləcəyi nüvə silahıdır. Onu da ata biləcəyi vəziyyət deyil. Addımlar onu göstərir ki, müharibəni hansısa formada dayandırmağa ehtiyac var. Çünki bu cür addımlar infrastrukturun sıradan çıxmasının açıq göstəricisidir”.

Politoloqun fikrincə, artıq elə bir vəziyyətdir ki, təkcə müharibə yox, həm də iqtisadi zərərə gedirlər: “Ona görə də düşünürəm ki, Rusiya bundan artıq qızışa bilməcəyək. Yəni təkcə o qalır ki, Ukraynanı nüvə silahı ilə vursun, lakin vurmaq potensialı hələ ki, çox da real görünmür. Amma hər vəziyyətdə bu cür addımlar Rusiyanı daha aqressiv, intensivləşmiş zərbələr endirməyə yox, daha çox danışıqlar masasına otuzdurmağa hesablanmış addım kimi dəyərləndirilə bilər və ona şərait yarada bilər”.

Röya İsrafilova