“Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçib” Gündəm

“Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçib”

“Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçib və tərəflər bir-birinə qarşı uzaqmənzilli dronlardan istifadə edir. Xüsusilə Ukraynanın Rusiyanın dərinliklərinə vurduğu zərbələr nəticəsində logistika imkanları, dəniz limanları və neft emalı zavodları sıradan çıxarılıb. Təbii ki, bu da Rusiyanı danışıqlara məcbur etmək siyasətinin bir hissəsidir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, Rusiya da cavab olaraq ballistik raketlərlə Kiyev və digər ətraf şəhərləri vuraraq humanitar böhran yaratmağa çalışır: “Yəni danışıqlar prosesində hər hansısa bir irəliləyiş yoxdur və Rusiya xarici işlər nazirinin müavini Qaluzin də qeyd etdi ki, ilkin səbəblər ortadan qaldırılmadan Rusiya müharibəni dondurmayacaq. Bir tərəfdən də Rusiya işğalı genişləndirmək istəyir. Rusiya Ukraynada humanitar böhran yaratdığı kimi artıq Ukrayna da Rusiya iqtisadiyyatına ciddi şəkildə zərbə vurur. Bu zərbənin təsiri ilə sosial-iqtisadi vəziyyət də ağırlaşır”.

M.Əsədullazadə əlavə edib ki, Ukrayna beynəlxalq ticarət şəbəkəsinin Rusiyada logistikasına zərbə vurmaqla bir növ pərakəndə satışı da iflic etdi: “Bu, onu göstərir ki, Ukrayna da kifayət qədər güclənib və Rusiya qarşısında duruş gətirə bilir. Proseslər elə bir müstəvidədir ki, danışıqlar prosesi dayanıb. Tərəflər bir-birilərinə qarşı güc nümayiş etdirir və hansı tərəf üstünlük təşkil edəcəksə, o, danışıqlar masasında da güzəştə gedəcək. Göründüyü kimi hazırda heç bir tərəf bir-birinə ciddi təzyiq edib danışıqlar masasına əyləşdirə bilmir”.

Röya İsrafilova