“Bu hücum qarşılıqlı eskalasiyanın yeni mərhələyə keçid riskini artırır” Dünya

“Bu hücum qarşılıqlı eskalasiyanın yeni mərhələyə keçid riskini artırır”

“Nijnekamska endirilən bu miqyaslı PUA zərbələri Rusiya–Ukrayna müharibəsində qarşılıqlı eskalasiyanın yeni mərhələsinə keçid riskini artırır. Son məlumatlarda ölənlərin sayının artıq 12-yə, yaralananların isə 39-a çatdığı bildirilir; yəni ilkin 10 ölü, 15 yaralı rəqəmləri yenilənib”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

Onun sözlərinə görə, xüsusilə Tatarıstan kimi Ukrayna sərhədindən xeyli uzaqda yerləşən və Rusiya üçün mühüm neft-kimya sənayesi mərkəzi sayılan ərazinin vurulması Kiyevin uzaqmənzilli PUA imkanlarının genişləndiyini göstərir: “Ukraynanın strateji məqsədi Rusiyanın enerji gəlirlərinə, yanacaq təminatına və müharibəni davam etdirmək üçün istifadə etdiyi iqtisadi-sənaye bazasına zərbə vurmaqdır. Lakin insan tələfatının yüksək olması Moskvanın bunu yalnız iqtisadi infrastruktura hücum deyil, Rusiya ərazisinə qarşı genişmiqyaslı hücum kimi təqdim etməsinə və daha sərt cavab üçün siyasi əsas yaratmasına imkan verir”.

Z.Qarayeva qeyd edib ki, bu baxımdan yaxın günlərdə Rusiyanın Ukraynanın enerji infrastrukturu, hərbi-sənaye müəssisələri, aerodromları və PUA istehsalı ilə əlaqəli obyektlərinə raket və dron hücumlarının intensivliyini artırması kifayət qədər real ssenaridir: “Eyni zamanda, Moskva hava hücumundan müdafiə sistemlərinin daha böyük hissəsini ölkənin dərinliklərindəki strateji obyektlərin qorunmasına yönəltməyə məcbur olur ki, bu da Ukraynanın belə əməliyyatlarının hərbi-strateji məqsədlərindən biridir. Nijnekamsk hadisəsi göstərir ki, artıq cəbhə xəttindən yüzlərlə kilometr uzaqlıq belə Rusiyanın strateji infrastrukturu üçün təhlükəsizlik təmin etmir. Buna görə də qarşıdakı mərhələdə “Ukraynanın Rusiya dərinliyinə zərbəsi – Rusiyanın Ukraynaya kütləvi cavab hücumu” dövrəsinin daha da intensivləşməsi və bunun mümkün diplomatik təşəbbüsləri çətinləşdirməsi ehtimalı yüksəlir”.

Röyfa İsrafilova