Valdas Dambrauskas: 1 qol qapanmayacaq fərq deyil İdman

Valdas Dambrauskas: 1 qol qapanmayacaq fərq deyil

"Orhus" komandası xoş gəlib. İnanıram ki, Danimarkada əldə etdiyimiz nəticə hər iki komanda üçün həyacanlı olacaq. 1 qol qapanmayacaq fərq deyil".

Bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının III təsnifat mərhələsinin “Orhus”la (Danimarka) cavab oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis Bakıda keçiriləcək qarşılaşmaya yaxşı hazırlaşdıqlarını söyləyib:

"Sabah əlimizdən gələni edəcəyik ki, qalib gələn tərəf biz olaq. Futbolçularımın hamısı sağlamdır, oyun üçün hazırdır. Rəqib sadəcə bir oyunçudan ibarət deyil. Onların çox güclü 11-liyi var. Məğlub olsaq da, həqiqətən yaxşı çıxış etdik. "Orhus" azarkeşləri möhtəşəm atmosfer yaratmışdı. Rəqibin qol fürsəti çox az olsa da, imkanlardan çox yaxşı istifadə edirlər. Danimarkada bir sıra səhvlərə yol verdik. Xırda detalları daha yaxşı analiz edən tərəf sabah qələbə qazanacaq".

Qeyd edək ki, tərəflər arasındakı ilk görüş Danimarka təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Cavab oyunu sabah saat 20:00-da Bank Respublika Arenada start götürəcək.