

18 İyun 23:23
18 İyun 23:00
Dördüncü Bakı Piano Festivalı çərçivəsində “Rotunda Roof Garden”də Xorvatiyanın “Lela Kaplowitz Jazz Group” kollektivinin konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə Lela Kaploviç (vokal), Petar Kulibrk (piano), Filip Pavik (gitara) və Luçiya Kaploviç (skripka) çıxış ediblər.
Lela Kaploviç bir müddət əvvəl AZƏRTAC-a müsahibəsində demişdi ki, bu, onun Azərbaycana ilk səfəri olduğundan Bakıya gəlişini səbirsizliklə gözləyirdi. Yeni tamaşaçı ilə tanışlıqdan həyəcan hissi keçirdiyini qeyd edən xorvatiyalı artist öz əsərini Bakı Piano Festivalında təqdim etməkdən məmnun idi.
Lela Kaploviç görkəmli musiqiçilər və musiqi qrupları ilə çıxış edib və albomlar yazdırıb. Onların arasında “Arturo Farrill və Chico' O'Farrill Afro Cuban Jazz Orchestra”, “The Duke Ellington Orchestra”, “Two Cellos”, Duq Karn, Maylz Qriffit, Bill Sakston, Harri Uittaker, Dik Qriffin, Kreyq Hendi, Qeri Fritz, Mark Rapp, Bob Alberti, Ben Taker və başqaları var. Nyu-Yorkda keçirdiyi beş il ərzində Lela Amerikanın musiqi tarixinin ən görkəmli məkanları - “Madison Square Garden” (Beynəlxalq Musiqi Festivalı, 2003), “Birdland”, “The Blue Note”, “Dizzy's Club Coca Cola”, “Detour”, “Smalls”, “Central Park Summer Stage”, “Miles Jaye's Jazz Festival”, “Atlantic City”, Mayami, Filadelfiya və Savannada çıxışlar edib. Avropada səyahət edən musiqiçi buradakı ən məşhur caz klubları və festivallarında konsertlər verib. Lela 2009-cu ildə Finlandiyanın Kaayani şəhərində keçirilən dünyanın ən böyük qadın caz vokal müsabiqələrindən birində “Lady Summer” titulunu qazanıb.
Musiqiçi bir neçə albom yazdırıb və başqalarında qonaq vokalçı kimi çıxış edib. 2019-cu il sentyabrın 19-da Lela “Parma Recordings” tərəfindən buraxılmış yeni albomunun (“To One”) reklamı ilə Nyu-Yorkdakı dünyaca məşhur “Carnegie Hall”da çıxış edib.
IV Bakı Piano Festivalı iyunun 28-dək davam edəcək. Paytaxtımızın sakinləri və qonaqlarını müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı gözləyir. “Bakı Piano Festivalı - 2025” çərçivəsində bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və cem sessiyaları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru gənc istedadların “Gələcək bizik” konsertidir.