

Köhnə kişilərə xas olan keyfiyyətləri çoxdur. Artıq danışmır, kiminsə qeybətini etmir. Nadanlardan uzaq durmağa, haqsızlığın baş qaldırdığı yeri sakitcə tərk etməyə çalışır. Yüksək ədəb, əxlaq sahibidir. Həmsöhbətinə o qədər iltifat göstərər ki, çiynindəki mələklər də sevinir. Davranışında, hərəkətlərində bir kübarlıq var. Bütün bunlar ona həm məxsus olduğu gendən gəlir və həm də aldığı ailə tərbiyəsindən. Onun siyasi baxışları, hansı partiyanı təmsil etməsi elə də önəmli deyil. Hansı mükafatlara layiq görüldüyü də yəqin ki, Tanrının qarşısında əhəmiyyət kəsb etmir. Önəmli olanı odur ki, bu insan sözün əsl mənasında fitri istedada malikdir, ədəbli şəxsiyyətdir. Necə deyərlər, hər tərəfli mükəmməl…
Bir vaxtlar rəhbərlik etdiyi kollektivdə çalışan, bu gün “Xalq cəbhəsi” redaksiyasına rəhbərlik edən Əli Zülfüqaroğlu onu belə xarakterizə edir: "Demokratik idaretmə bacarığına malikdir, məsələn bizimlə dost kimi davranırdı, sərbəst iş rejimi yaratmışdı. Bundan sui istifadə halları da olmurdu. Hər kəs bunu özünə ayıb bilirdi"...
Bu gün onun parlamentdə bir deputat kimi siyasi fəaliyyəti ictimaiyyət tərəfindən nə qədər rəğbətlə qarşılanır, nə qədər sevilir, deyə bilmərəm, amma ürəklə deyə bilərəm ki, Elçin Mirzəbəyli çağdaş poeziyamızın parlaq istedadlı nümayəndələrindən biridir, təpədən dırnağa şairdir. Sanki onun yaratdığı poeziya nümunələri təbin məhsulu yox, Tanrının pıçıltılarıdır. Və ya bu şeirlər yazılmır, ruhla istedadın vəhdətindən doğulur. “Götür ürəyini gəl bizə sarı” şeirində yazır:
Üşüyür bu gecəm Ay işığında
Yürü, çək yükünü gündüzə sarı.
Baxışım açılmış yumaq kimidi
Di al, bir ucunu...
Ulduza sarı...
Alışdım yuvamda dərd böyütməyə,
Sonra dən-dən ovub...
dərd üyütməyə...
Bir ocaq çatmışam dərdi ütməyə,
Götür ürəyini gəl bizə sarı...
Ensklopedik bilik hər insana nəsib olmur. Ötüb keçənlərdən, müxtəlif sahələrdən məlumatlı olmaq isnadan diqqət, yorulmadan mütaliə, geniş dünyagörüşü tələb edir. Onun daxili aləminin zənginliyi yaşadığı müasir mühitdən daha gözəldir. Bu aləmdə fitnə-fəsada, mənəvi eybəcərliklərə yer yoxdur. İnsanın vətən təşnəsinə sərinlik səpən bu misralardakı kimi:
Yoruldum qapımı döyən küləkdən,
Üşüdür bu soyuq ev məni, Tanrım!
Sən də mənim kimi tənhasan, təksən,
Sev məni, sev məni, sev məni, Tanrım!
Bəli, Elçin Mirzəbəylinin şeir kitablarını vərəqlədikcə, gözəl poeziya nümunələri oradan adamın üzünə gülür. Onları oxuduqca isə mənəvi zövq alırsan, ruhun dincəlir...
Avqustun 12-si Milli Məclisin deputatı, Əməkdar jurnalist, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Elçin Mirzəbəylinin növbəti ad günüdür, 58 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Ad günün mübarək, ŞAİR!..
Elman Eldaroğlu