17:20
266
Səbaildə yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilərkən binanın birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verildiyi, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi müəyyən edilib.
Bildirilib ki, hazırda müdaxilə faktı ilə bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Eyni zamanda, abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlər davam etdirilir.
"Bir daha bütün vətəndaşları, o cümlədən tarix və mədəniyyət abidələrinin mülkiyyətçiləri və istifadəçilərini mədəni irsimizə həssas yanaşmağa, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsinə çağırırıq.
Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin konstitusion borcudur", - məlumatda qeyd olunub.