14:18
238
ABŞ Müdafiə Nazirliyi Kanadaya qarşı kəskin tənqidlə çıxış edərək Ottavanın Şimali Amerikanın müdafiəsi üzrə tərəfdaş kimi etibarlılığını şübhə altına alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi sənədə istinadən məlumat yayıb.
Pentaqonda vurğulanıb ki, Kanada silahlı qüvvələrin modernləşdirilməsi və NATO qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün zəruri qətiyyətli addımlar atmayıb. Bundan əlavə, Amerika qurumunun məlumatına görə, 2025–2026-cı illərdə Kanada hərbi aviasiyasının yalnız 41,9%-i, Hərbi Dəniz Qüvvələrinin isə 53,9%-i yaxşı vəziyyətdə olub, quru qoşunlarının döyüş hazırlığı səviyyəsi isə 48% təşkil edib.
Nazirlik həmçinin Ottavanın 88 ədəd Amerika F-35 qırıcısının alınması planlarına yenidən baxmaq qərarını tənqid edərək, müxtəlif tipli döyüş təyyarələrindən istifadənin Kanada Hərbi Hava Qüvvələrində ixtisaslı kadr çatışmazlığını daha da dərinləşdirə biləcəyi barədə xəbərdarlıq edib. Pentaqon hesab edir ki, Kanada rəhbərliyi daxili iqtisadi maraqları hərbi effektivlikdən üstün tutur ki, bu da hava və yerətrafı fəzaya nəzarət üzrə ABŞ və Kanadanın birgə təşkilatı olan Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) üçün qeyri-müəyyənlik yaradır.
Xatırladaq ki, oktyabrın ortalarında Prezident Donald Tramp Kanadanın gələcəkdə ABŞ-nin tərkibinə daxil olacağına əminliyini növbəti dəfə ifadə edib. Amerika lideri Kanadanın Baş naziri Mark Karnini dəfələrlə qubernator adlandırıb. Kanada hakimiyyəti isə ABŞ-yə birləşmək ehtimalını rədd edib. Karni sentyabrın sonunda "The New York Times" qəzetinə verdiyi müsahibədə bildirib ki, Kanada hakimiyyəti son bir il ərzində hadisələrin bu cür inkişafını az ehtimal olunan hesab etsə də, ABŞ tərəfindən hərbi müdaxilə ehtimalına hazırlaşıb.
Məryəm Quliyeva