14:26
434
İsveç hökuməti Ukraynaya 540 milyon kron (52,53 milyon dollar) məbləğində yeni yardım paketinin ayrılması barədə qərar qəbul edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə krallığın hökumət ofisi məlumat yayıb.
Məlumata görə, vəsaitin 155 milyon kronunun (15,08 milyon dollar) Ukrayna Qızıl Xaç Cəmiyyətinə, 85 milyon kronunun (8,27 milyon dollar) enerji sektorunun ehtiyaclarına, 300 milyon kronunun (29,18 milyon dollar) isə enerji obyektlərinin mühafizəsi üçün avadanlıqların tədarükünə yönəldilməsi planlaşdırılır.
Ukrayna Qızıl Xaç Cəmiyyətinə ayrılan vəsait ev təsərrüfatlarına pul yardımının göstərilməsi, istilik təchizatının təmin edilməsi və generatorların çatdırılması üçün nəzərdə tutulub. Vəsaitin ikinci hissəsi "enerji avadanlıqları və qurğularının alınması məqsədilə" BMT strukturları vasitəsilə ötürüləcək. Ukraynanın Mülki Müdafiə İdarəsi isə qış dövründə qəza sistemlərinin işini təmin etmək üçün yardım alacaq.
Qeyd edək ki, 2022-ci ildən bəri İsveçin Ukraynaya göstərdiyi hərbi və mülki yardımın ümumi həcmi təxminən 159 milyard kron (15,47 milyard dollar) təşkil edib.
Məryəm Quliyeva