Çağırışaqədərki hazırlıq dövründə gənclərin PUA barədə biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək Hadisə

Çağırışaqədərki hazırlıq dövründə gənclərin PUA barədə biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

Çağırışaqədərki hazırlıq dövründə gənclərin pilotsuz uçuş aparatları barədə nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb.

Əsasnaməyə əsasən, çağırışaqədərki hazırlıq dövründə gənclərin milli müdafiənin əsasları və müasir hərbi-texniki vasitələr, pilotsuz uçuş aparatları, müasir silahlar, elektron mühafizə sistemləri, süni intellekt texnologiyaları, kibertəhlükəsizliyin və informasiya təhlükəsizliyinin təmin edilməsi metodları, mülki müdafiənin təşkili prinsipləri, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış və mühafizə üsulları, habelə ilkin tibbi yardımın göstərilməsi, sağlamlığın və təhlükəsizliyin qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi, sanitariya-gigiyena qaydalarına əməl olunması barədə zəruri nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin edilir.

Qeyd edək ki, ləğv edilən Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinə əsasən, Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənir.