16:28
280
“NATO-nun artilleriya mərmisi istehsalını ildə təxminən 4 milyon ədədə çatdırmaq planı müasir beynəlxalq təhlükəsizlik sistemində baş verən dəyişikliklərin mühüm göstəricilərindən biridir”.
Bunu xalqcebhesi.az-a hərbi ekspert Anar Şuşalı deyib.
A.Şuşalı bildirib ki, Alyansın Baş katibi Mark Ruttenin açıqladığı bu hədəf ilk baxışdan müdafiə sənayesinin gücləndirilməsi və hərbi ehtiyatların artırılması kimi təqdim olunsa da, məsələnin daha geniş geosiyasi və hərbi nəticələri var: “Əsas sual isə budur: NATO-nun silah-sursat istehsalını bu miqyasda artırması qlobal təhlükəsizliyə necə təsir göstərəcək və bu proses yeni silahlanma yarışına yol aça bilərmi? Artilleriya mərmilərinin istehsalının artırılması təsadüfi qərar deyil. Rusiya-Ukrayna müharibəsi müasir münaqişələrdə artilleriyanın hələ də həlledici əhəmiyyət daşıdığını nümayiş etdirdi. Müharibənin gedişində tərəflərin böyük həcmdə mərmi sərf etməsi Qərb ölkələrinin hərbi sənayesində ciddi istehsal və təchizat problemlərini üzə çıxardı”.
“Beləliklə, NATO ölkələri anladılar ki, müasir ordunun gücü yalnız yüksək texnologiyalı silahlarla deyil, həm də uzunmüddətli müharibəni davam etdirmək üçün kifayət qədər sursat ehtiyatı ilə ölçülür. Mark Ruttenin açıqlamasında diqqət çəkən əsas məqam istehsalın sadəcə artırılması deyil, onun sənaye miqyasında yeni səviyyəyə çatdırılmasıdır. NATO-nun proqnozuna əsasən, 2027-ci ilədək alyansın illik artilleriya mərmisi istehsal etmək gücü təxminən 4 milyon ədədə çatacaq. Bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə təxminən ikiqat artım deməkdir” - deyə ekspert əlavə edib.
Röya İsrafilova