“Monteneqro əhəmiyyətli tərəfdaşlardan biridir” Siyasət

“Monteneqro əhəmiyyətli tərəfdaşlardan biridir”

“Monteneqronun Baş naziri Miloyko Spayiçin Prezident İlham Əliyevlə görüşü Azərbaycan ilə Balkan ölkələri arasında münasibətlərin inkişafının növbəti mərhələsidir. Hesab edirəm ki, bu səfər sadəcə ikitərəfli diplomatik təmas deyil, həm də Azərbaycanın Cənub-Şərqi Avropada iqtisadi və siyasi əlaqələrini genişləndirmək strategiyasının tərkib hissəsidir. İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan ilə Monteneqro arasında münasibətlər artıq uzun müddətdir dostluq və tərəfdaşlıq xarakteri daşıyır. Bu əlaqələrin əsas istiqamətlərindən biri iqtisadi və investisiya əməkdaşlığıdır. Azərbaycanın Monteneqro iqtisadiyyatına yatırdığı sərmayələr bu münasibətlərin praktiki məzmununu formalaşdıran mühüm amillərdəndir. Təsadüfi deyil ki, Spayiç də Prezident İlham Əliyevlə görüşündə Azərbaycan investisiyalarının Monteneqro iqtisadiyyatına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb”.

Bu sözləri xalqcebhesi.az-a politoloq Turan Rzayev bildirib.

T.Rzayev qeyd edib ki, Azərbaycan xarici siyasətində yalnız böyük dövlətlərlə münasibətlərə deyil, Avropanın nisbətən kiçik, lakin strateji əhəmiyyət daşıyan ölkələri ilə əməkdaşlığa da xüsusi önəm verir: “Monteneqro da bu baxımdan əhəmiyyətli tərəfdaşlardan biridir. Ölkə Balkanlarda yerləşməsi, Adriatik dənizinə çıxışı və Avropa institutları ilə sıx inteqrasiyası baxımından Azərbaycan üçün müəyyən imkanlar yaradır. Bununla yanaşı, Monteneqronun Avropa İttifaqına inteqrasiya prosesində olması da Azərbaycanın bu ölkə ilə münasibətlərinə əlavə əhəmiyyət qazandırır. Monteneqro 2010-cu ildən Aİ-yə namizəd ölkədir və 2012-ci ildən üzvlük danışıqları aparır. Bu gün onun Avropa institutları ilə münasibətləri kifayət qədər intensivdir”.

“Belə bir ölkə ilə sıx iqtisadi və siyasi əlaqələrin qurulması Azərbaycanın Avropa istiqamətində əməkdaşlıq imkanlarını da genişləndirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu genişləndirməyə çalışdığı bir dövrdə Balkan ölkələri ilə əlaqələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. Monteneqro ilə enerji təchizatı, infrastruktur və investisiya layihələri üzrə əməkdaşlığın genişləndirilməsi gələcəkdə yeni iqtisadi imkanlar yarada bilər. Monteneqro hökumətinin də Spayiçin Bakı səfərinin gündəliyində məhz iqtisadiyyat, enerji və infrastruktur layihələrinə xüsusi yer ayırması bunu göstərir” - deyə o əlavə edib.

Politoloqun fikrincə, münasibətlərin perspektivli istiqamətlərindən biri də qarşılıqlı investisiyaların artırılmasıdır: “Azərbaycan şirkətləri üçün Monteneqro təkcə kiçik Balkan dövləti deyil, həm də Avropa bazarına çıxış, turizm və xidmət sektorunda fəaliyyət imkanları baxımından maraqlı ölkədir. Eyni zamanda, Monteneqronun Azərbaycana investisiya qoyması və ölkəmizdə müxtəlif iqtisadi layihələrdə iştirak etməsi üçün də imkanlar mövcuddur. Bu baxımdan, hazırda mövcud olan investisiya əməkdaşlığını daha geniş iqtisadi tərəfdaşlığa çevirmək vacibdir. Səfərin siyasi tərəfinə gəldikdə isə, Spayiçin Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunan irəliləyişləri xüsusi qeyd etməsi diqqətəlayiqdir. Bu, Monteneqronun Cənubi Qafqazda baş verən prosesləri izlədiyini və regionda sülhün təmin olunmasına maraq göstərdiyini nümayiş etdirir. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh gündəliyinin Avropa ölkələri tərəfindən dəstəklənməsi ölkəmizin beynəlxalq mövqeləri baxımından əhəmiyyətlidir. Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan artıq yalnız regional məsələlərin iştirakçısı deyil, həm də regionda yeni əməkdaşlıq və təhlükəsizlik arxitekturasının formalaşmasında təşəbbüskar tərəf kimi çıxış edir”.

Röya İsrafilova